BAKI, 20 yanvar - Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
Azərbaycan neftinin qiyməti də rekordunu təzələməkdə davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,93 dollar, yaxud 2,13 % artaraq 92,49 dollara çatıb.
Yanvarın 19-da Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar, 18-də isə 89,84 dollar olmuşdu.
Ötən gün “Brent” markalı neftin bir bareli 88,07 dollar olub. “Brent” qiyməti yanvarın 18-də 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Xatırladaq ki, son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Neft çatışmazlığı qiymətləri daha da artıra bilər.
Ekspertlər ötən ildən bahalaşmağa başlayan neft qiymətlərinin daha da artacağını gözləyir. "Omikron"un yoluxma sürətinə baxmayaraq, neftə olan tələb yüksək olaraq qalır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.