BAKI, 20 yanvar — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan bu barədə onun "Twitter" səhifəsinə istinadən məlumat verir.
T.Klaar bildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır.
"Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik", - deyə o bildirib.
Qeyd edə ki, sonuncu dəfə 2021-ci il dekabrın 1-də ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.