Qanlı Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycan tarixinə şanlı səhifə yazıldı.
20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb.
Həmin faciəli günlərdən artıq 32 il keçir. Azərbaycan xalqı bu gün də 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.