BAKI, 19 yanvar — Sputnik. Bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2022-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1692 dövlət və 133 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 127 min uşaq tərbiyə alır.
2021/2022-ci tədris ilinin əvvəlinə ölkənin 4394 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.
Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 20,0 faiz olub.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva öz çıxışında şagird sıxlığı problemini təsdiqləmişdi. O bildirmişdi ki, əsasən, Qaradağ, Xəzər, Pirallahı, Suraxanı, Sabunçu rayonlarında məktəblərdə şagird sıxlığı müşahidə olunur. Məktəblərdə sıxlıqla bağlı problemləri həll etmək üçün tədris növbəli şəkildə təşkil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.