BAKI, 19 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi ötən gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Lakin təəssüf ki, gecə saatlarında heykəl zədələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər artıq müəyyən olunub:
"Onlar Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".
E.Hacıyev onu da bildirib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.
Ərazi 24 saat polis nəzarətindədir
Sputnik Azərbaycan anoloji hadisənin baş verməməsi üçün hansı tədbirlərin görüldüyünü araşdırıb.
Elşad Hacıyev bildirib ki, ərazi 24 saat polis nəzarəti altında olmaqla yanaşı, kamera nəzarəti də var:
"Bu hadisəni törədənlər görünür milli dəyərlərdən uzaq adamlardır. Hər heykəlin yanına bir polis təhkim etmək olmur. Amma hadisə olan ərazidə 24 saat polis nəzarəti var. Həmçinin kameralarla da nəzarət təmin edilib. Hadisəni törədənlərə qarşı iki maddə ilə cinayət işi açılıb".
Gecə səhərə qədər heykəlin sındırılan hissəsi bərpa olunub
Heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında baş vermiş hadisəni təəssüf hissi ilə qarşıladığını bildirib. Onun sözlərinə görə, hadisə barədə gecə saat 02:00 radələrində xəbər tutub:
"Gecə saat 02:00 radələrində Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov mənə zəng edib belə bir hadisə baş verdiyini dedi. Biz də gecə ilə ora getdik, ustaların hamısını tapıb oraya topladıq. Gecə səhərə qədər heykəlin sındırılan hissəsi bərpa olunub".
"Görünür bunu edənlərin güc var, ağıl yox! "
X.Əhmədov bu əməli törədənlərə qarşı münasibətini də açıqlayıb: " Görünür bunu edənlərdə güc var, ağıl yox! Yəqin onlar heykəli sındırarkən hər hansı pis vərdişin təsiri altında olublar. Yenə yaxşı ki, sındırdıqlarını aparmayıblar. Yoxsa o təsbehləri düzəltmək ən azı on gün vaxt tələb edərdi".
Müəllif heykələ qarşı belə bir hörmətsizliyi gözləmədiyini də söyləyib:
"Mənim ağlıma da gəlməzdi ki, heykələ qarşı belə hərəkət edərlər. Amma görünür, bu ağılda olan insanlar var. Amma artıq bu əməli törədənlər kameralara düşüb, tutulub, onlara qarşı hüquqi müstəvidə tədbir görüləcək. Araşdırma aparıldıqdan sonra bəlli olacaq ki, onlar bunu hansı səbəbdən ediblər".
Heykəl necə sındırılıb?
X.Əhmədov deyib ki, heykəl bərk materialdan hazırlansa da, təsbeh iki nöqtədə birləşdiyindən onu asanlıqla qırmaq mümkün olub: " Heykəl çox möhkəm materialdan hazırlanıb. Amma iki nöqtədə birləşdiyindən, həmçinin bunu edənlər iki nəfər olduğundan sındıra biliblər".
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib.
Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, eləcə də ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
Prezident Tağıyevin misilsiz xidmətləri barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı metronun "İçərişəhər" stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürərək Tağıyevin Azərbaycan üçün xidmətlərindən danışıb:
"Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü, sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı".
İlham Əliyev xatırladıb ki, Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib:
"Onların arasında, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir".
Prezident xatırladıb ki, məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılıb:
"Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti, təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır".
Əliyevin fikrincə, bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, təşəbbüskarı məhz Tağıyev olub.
"Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub, o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya, Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür. Bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü", - deyə ölkə başçısı əlavə edib.
Biz "təsbeh" lə yaxşı qurtarmışıq
Qeyd edək ki, nəinki Bakıda, dünyanın hər yerində abidələrə qarşı hücumlar yeni deyil. İllər öncə "Mosfilm" kinostudiyasının qarşısından, Ulduzlar prospektindən Yevgeni Leonovun abidəsi miqrantlar tərəfindən oğurlanaraq hissə-hissə doğranıb, metal toplayanlara satılıb.
Sankt-Peterburqda, Fontankada mahnı qəhrəmanı "Çijik-Pijik" heykəli 7 dəfə qaçırılıb. Abidə bir neçə dəfə geri qaytarılb, bəzən yenidən yaradılıb.
Kopenhagendə Andersenin məşhur nağıl qəhrəmanı "Kişik su pərisi" 1960-cı ildən bəri hücumlara məruz qalır.
DİN hadisəni törədənlərin adlarını açıqladı
DİN Mətbuat Xidmətindən bildirilib ki, Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurulması ilə əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan, fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.