SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: Reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlıyıq

Nazir, ATƏT-in Baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət barəsində məlumat verib.
Sputnik
BAKI, 19 yanvar - Sputnik. Yanvarın 19-da xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi xanım Helqa Şmit ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan XİN-ə istinadən xəbər verir.
Baş katib Helqa Şmit Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib. O, sədrlik prioritetlərinin müfəssəl və tarazlı olduğunu qeyd edib. Hal-hazırda ATƏT məkanında təhlükəsizlik məsələlərinin həllində TƏF-in rolunun böyük olduğunu bildirən Baş katib, Azərbaycanın cari sədrliyinin problemlərin həllinə yardımçı olacağına ümid ifadə etdi. Azərbaycanın sədrlik prioritetlərinin ATƏT tərəfindən dəstəklənildiyi vurğulandı. ATƏT Katibliyinin bu prioritetlərin icrasında Azərbaycan sədrliyi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğu ifadə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, təşkilat ilə layihə əsaslı əməkdaşlığın həyata keçirilməsinin mühüm olduğunu qeyd edərək, bununla əlaqədar nəqliyyat bağlılığının inkişafı, yaşıl enerjinin təşviqi, ətraf mühit məsələlərində ATƏT ilə mövcud layihələrə məmnunluqla istinad edib.
Nazir eyni zamanda, cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlı olduğumuzu ifadə edib.
Nazir, ATƏT-in Baş katibinə hazırda bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barəsində məlumat verib.
Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib.
Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil. Baş katibin diqqətinə çatdırılıb ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır.
Tərəflər, Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
ATƏT-in təməl prinsiplərinin pozulması ümumi təhlükəsizliyə ciddi təhdiddir - Nazir
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının səfirini qəbul edib
Azərbaycan Dövlət Departamentinə Ermənistan və onun hərbi təxribatı barədə məlumat verdi