SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT-in təməl prinsiplərinin pozulması ümumi təhlükəsizliyə ciddi təhdiddir - Nazir

Nazir Azərbaycanın ATƏT çərçivəsində əməkdaşlığa, o cümlədən TƏF-in əhatə etdiyi mövzulara baxışı və yanaşması son üç onillikdə bizim təcrübəmiz əsasında formalaşdığını bildirib.
Sputnik
BAKI, 19 yanvar - Sputnik. "Biz qəti fikirdəyik ki, ATƏT-in təməl prinsiplərinin və öhdəliklərinin pozulması ATƏT regionunda ümumi təhlükəsizlik mühitinə ən ciddi təhdidlər və çağırışlar yaradır və əməkdaşlığımızın təməlini təhlükə altına qoyur". Sputnik Azərbaycan XİN-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun açılış iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu prinsipləri birmənalı şəkildə dəstəkləməkdə dəyişilməz olaraq qalır və belə bir yanaşmadan çıxış edir ki, bu prinsipləri dəstəkləmək və onlara təhdid və ya etiraz edilərkən onlara ciddi riayət olunmasını təmin etmək bizim ümumi və ən yüksək səyimiz olmalıdır.
Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun açılış iclasında
2022-ci ilin ilk üç ayı ərzində Azərbaycanın Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Sədrliyinin açılışını etməkdən və Sədrlik proqramımızı təqdim etməkdən məmnun olduğunu deyən nazir bu Proqramın növbəti dörd ay ərzində bu Forumda iştirakçı dövlətlər arasında müzakirələrə səmərəli rəhbərlik edəcəyini dilə gətirib.
"İcazənizlə, sələfimiz Avstriyaya ötən trimestrdə göstərdiyi liderliyə və Təhlükəsizlik Əməkdaşlığı Forumunda bacarıqlı sədrliyinə görə təşəkkürümü bildirmək istərdim. Həmçinin Belarusu Təhlükəsizlik Əməkdaşlıq Forumu Troykasında salamlayıram. Azərbaycan 17 ildə ilk dəfə TƏF-in sükanı arxasına keçdi. Foruma sonuncu dəfə 2005-ci ildə sədrlik etdiyimiz vaxtdan bəri bir sıra hadisələr, o cümlədən siyasi-hərbi sahədə ATƏT regionunda ümumi təhlükəsizlik mühitini çətinləşdirən hadisələr baş verdi. Bu mühit, nəzərdə tutulduğu kimi əməkdaşlıqdan daha çox inamsızlıq ilə səciyyələnirdi. Siyasi-hərbi bloklar arasında rəqabət artmaqda davam etdi və ATƏT daxilindəki işlərə mənfi təsir göstərdi. Bu hadisələr ATƏT-in fundamental sənədlərində əsaslandırılmış təhlükəsizliyin bölünməzliyini risk altına qoyur. Təşkilatımızın unikal sərvəti olan hərtərəfli və əməkdaşlıq təhlükəsizliyinə riayət etmək çətinliklə üzləşib.
Bununla belə, dəyişməmiş olan bizim həm bütövlükdə ATƏT, həm də xüsusilə TƏF çərçivəsində əməkdaşlığımızın təməlidir. Bu, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmətdir, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətdir".
Sonra C.Bayramov Azərbaycanın ATƏT çərçivəsində əməkdaşlığa, o cümlədən TƏF-in əhatə etdiyi mövzulara baxışı və yanaşması son üç onillikdə bizim təcrübəmiz əsasında formalaşdığını bildirib.
"2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatından sonra bərpa edilməzdən əvvəl, dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində suverenliyimiz, ərazi bütövlüyümüz və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz təhlükə altına qoyulmuşdur".
Nazir bildirib ki, təşkilatın siyasi-hərbi ölçüyə diqqət yetirən əsas orqanı kimi TƏF bu baxımdan istisna deyil:
"TƏF vakuumda mövcud olmayan, əksinə daha geniş siyasi-hərbi konteksti əks etdirən bir sıra siyasi-hərbi öhdəliklər və alətlərdən ibarət ATƏT-in ümumi strukturunun mühüm sütunudur. Siyasi-hərbi öhdəliklərin vicdanla yerinə yetirilməsi ATƏT regionunda sülhə, təhlükəsizliyə və sabitliyə əsaslı şəkildə töhfə verə bilər, o halda ki, bu, Təşkilatımızın əsasını təşkil edən fundamental prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmətlə müşayiət olunsun. Beləliklə, TƏF-də sədrliyimiz zamanı bizim əsas vəzifəmiz və prioritetimiz siyasi-hərbi öhdəliklərin vicdanla yerinə yetirilməsini artırmaqla yanaşı, ATƏT-in fundamental prinsiplərinə riayət olunmasını dəstəkləmək və gücləndirmək olacaq. Biz əminik ki, yalnız iştirakçı dövlətlərin bu cür yanaşması onlar arasında etimadı bərpa edə bilər, siyasi-hərbi alətlərin tətbiqini canlandıra bilər, öngörməni və şəffaflığı gücləndirə bilər, təhdidlərin çoxalma təsirlərindən və təhlükə qavrayışlarının kəskinləşməsindən yayına bilər və bununla da ATƏT regionunda sabitliyin və sülhün əsasını qoya bilər. Sədrlik gündəliyimizdə biz TƏF daxilində Təşkilat üçün yüksək əhəmiyyət kəsb edən və aktual olan bir sıra məsələlərə toxunan müəyyən edilmiş və nisbətən yeni mövzular arasında tarazlıq yaratmağı hədəflədik. Bu məqsədlə biz sədrlik proqramımıza aşağıdakı Təhlükəsizlik Dialoqlarını daxil etdik".
Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun açılış iclasında
Onun sözlərinə görə, gələn həftə beynəlxalq humanitar hüquqa riayət və mülki şəxslərin müdafiəsi üzrə Təhlükəsizlik Dialoqu ilə başlanacaq:
"Hüquqi cəhətdən məcburi olan qaydaların möhkəm çərçivəsinə baxmayaraq, mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüququn müddəalarının pozulması nəticəsində mülki şəxslər əziyyət çəkməkdə davam edir. Biz, bu Təhlükəsizlik Dialoqundan dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl olunmasını təmin etmək öhdəliyini təşviq etmək və gücləndirmək üçün istifadə etməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsini müzakirə etməyi hədəfləyirik. Azərbaycan TƏF-in əsas mövzularından biri olan Yüngül və Atıcı Silahlar (SALW) və Adi Sursat Ehtiyatları (SCA) məsələsini sədrlik gündəmində əsas tutacaq. Biz TƏF-də sədrliyimizi iştirakçı dövlətlər tərəfindən bu öhdəliklərin tam və səmərəli həyata keçirilməsinə əlavə töhfə vermək imkanı kimi qiymətləndiririk. Bunu nəzərə alaraq, biz iki Təhlükəsizlik Dialoqunu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr edəcəyik. Onlardan biri ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi və əldə edilmiş dərslərə diqqət yetirməklə, ümumilikdə mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək".
Daha sonra nazir ATƏT-in iştirakçı dövlətləri Yüngül və Atıcı Silahlar və Adi Sursat Ehtiyatları, o cümlədən minalardan təmizləmə sahəsində bir sıra öhdəliklər götürdüyünü dilə gətirib:
"Praktiki yardım mexanizmi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir, çünki o, Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının təhlükəsizlik və sabitliyə, habelə iştirakçı dövlətlərdə əhalinin təhlükəsizliyinə mənfi təsirlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Yardım layihələrinin həyata keçirilməsi effektiv praktiki nəticələr verə bilər və ən qısa zamanda müsbət təsir göstərə bilər. Beləliklə, praktiki yardım mexanizmi ilə bağlı Yüngül və Atıcı Silahlar və Adi Sursat Ehtiyatları üzrə öhdəliklərin qərəzsiz və siyasiləşdirilməmiş şəkildə həyata keçirilməsini təmin etmək bizim kollektiv qərarımız olmalıdır. ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən danışsaq, praktiki yardım layihələrinin həyata keçirilməsi də digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, ATƏT-in ‘hərbi-siyasi bloklara qoşulmayan’ iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və bölücü xətlər və təsir zonalarına ayırmadan Avropa yanaşmasının həyata keçirilməsi üçün Təşkilatın əvəzolunmaz rolunu qiymətləndirib.
"Çoxtərəfliliyin davamlı aşınması və siyasi-hərbi bloklar arasında artan rəqabət şəraitində ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır. Beləliklə, Təhlükəsizlik Dialoqlarımızdan biri heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq. Növbəti Təhlükəsizlik Dialoqu terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq. ATƏT özünün unikal hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq, korrupsiya, çirkli pulların yuyulması və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir. ATƏT-in iştirakçı dövlətləri, terrorizmlə mübarizə sahəsində ATƏT-in təsis və rəhbər sənədi olan 2001-ci il Buxarest Fəaliyyət Planından başlayaraq, öz üzərilərinə bu sahədə bir sıra geniş öhdəliklər götürüblər. Terrorizmin əsas səbəblərini və ATƏT məkanında radikallaşmaya təkan verən amilləri müəyyən etmək və onları həll etmək vacibdir. Cəmiyyətlərimizin birliyinin gücləndirilməsi və təhsilin, inklüziv cəmiyyətlərin və dinc yanaşı yaşayışın, dini tolerantlığın və qarşılıqlı anlaşmanın, mədəniyyətlər arası və dinlər arası dialoqun təşviqi heç də az əhəmiyyət kəsb etmir".
Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun açılış iclasında
Gender bərabərliyi, qadınların sosial və ictimai həyatda bərabər və tarazlı iştirakına toxunan diplomat bu məsələlərin dövlətimizin siyasətinin prioritetləri sırasında olduğunu qeyd edib:
"Müvafiq olaraq Azərbaycan, qadınların irəliləyişini beynəlxalq sülh və təhlükəsizliyin qorunmasının mühüm elementi hesab edir və qadınlar, sülh və təhlükəsizlik gündəliyinə çoxölçülü yanaşmanın tərəfdarı olmaqda davam edir. Bunu nəzərə alaraq, biz Fəaliyyətdə olan Sədr Polşa ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə dair TƏF-Daimi Şuranın birgə iclasını təşkil edəcəyik. BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin və ondan sonrakı qətnamələrin bütün aspektlərinin həyata keçirilməsinə töhfə vermək üçün bu fürsətdən istifadə etmək vacibdir. Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək.
Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışları yaxşı bilir. Son üç onillikdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yalnış axtarış çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə və Etimad və Təhlükəsizlik Tədbirlərinə qəsdən məhəl qoyulmamasının və yayınmasının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərin yerinə yetirilməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər. Eyni zamanda, bu rejimlərin əsas məqsədi sülh və sabitliyi davam etdirmək, ilk növbədə Helsinki Yekun Aktında təsbit edilmiş ortaq təməl prinsiplərimizə və öhdəliklərimizə riayət etməkdən ibarət olmalıdır. Yalnız belə bir yanaşma gözlənilən nəticəni verə bilər".
Çıxışının əvvəli və böyük hissəsi üzləşdiyimiz təhdidlərə və çağırışlara həsr olunan nazir nitqini münaqişədən sonrakı yenidənqurmaya diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş dərslərə əsaslanacaq yekun Təhlükəsizlik Dialoqumuzu vurğulamaqla daha müsbət qeydlə bitirmək istədiyini deyib:
"ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri təhlükəsizliyin siyasi-hərbi aspektlərini də əhatə etməklə, Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsas təmin edir. İştirakçı dövlətlər münaqişədən sonrakı uzunmüddətli və davamlı reabilitasiyaya töhfə vermək məqsədilə müvafiq imkanları inkişaf etdirmək iradəsini əks etdirən bir sıra öhdəliklər qəbul ediblər. Post-münaqişə reabilitasiya mərhələsinin bəzi elementləri birbaşa olaraq TƏF-in işi ilə rezonans doğurur, məsələn, minalardan təmizləmə də daxil olmaqla, yüngül və atıcı silahların və adi sursatların demilitarizasiyası, məhv edilməsi və zərərsizləşdirilməsinə köməklik.
Təşkilat 1990-cı illərin əvvəllərindən münaqişədən sonrakı reabilitasiya sahəsində təcrübə toplayıb və münaqişə dövrünün bu mərhələsində ATƏT-in imkanlarının daha da inkişaf etdirilməsi və hər bir post-münaqişə vəziyyətinin spesifik ehtiyaclarına uyğunlaşdırılmasının təmin edilməsi zəruridir. Beləliklə, təhlükəsizliyimizə və sabitliyimizə qarşı mövcud təhdidlər və çağırışlar fonunda onun sülhsevər gələcəyinə töhfə vermək üçün ATƏT regionu üzrə təcrübəyə əsaslanaraq mənalı və səmimi müzakirələr aparmağın tam zamanıdır. Sonda bir daha qeyd etmək istərdim ki, sədrliyimiz müddətində biz təşkilatımızın əsasını qoyduğu fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə işləməyi səbirsizliklə gözləyirik. İcazənizlə, TƏF-in işini gücləndirmək və ATƏT-də hərbi təhlükəsizlik və sabitliyə töhfə vermək səyimizdə ATƏT-in Polşa sədrliyi, eləcə də TƏF Troyka üzvləri - Avstriya və Belarus ilə əməkdaşlığa hazır olduğumuzu bildirim. Bu bəyanatın bugünkü iclasın protokoluna əlavə edilməsini xahiş edirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının səfirini qəbul edib
Azərbaycan Dövlət Departamentinə Ermənistan və onun hərbi təxribatı barədə məlumat verdi