CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi uşaq bağçalarının müdirləri ilə bağlı qərar verdi

Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.
Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 körpə təlim-tərbiyə alır.
346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb, ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.