VİDEO

Şamaxının Çaylı kəndindən olan beş azyaşlı uşaq hansı səbəbdən baxımsız vəziyyətdədir

Şamaxının Çaylı kəndindən olan beş uşağın baxımsız qalmasının səbəbi açıqlandı. Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Sputnik
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. Dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.
Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar.
Əlavə olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunub.
Lakin, göstərilən dəstəyə baxmayaraq valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.
"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə Dövlət Komitəsinin sözçüsü bildirib.