BAKI, 18 yanvar — Sputnik. YAP-çı Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən jurnalistin məhkəməsi davam etdirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Mahir Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 4 il cəza istəmişdi.
M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilir.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.