CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə Nazirliyindən amnistiya açıqlaması

Amnistiya tətbiq olunmuş şəxslərdən 49-u əcnəbi vətəndaşdır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 9263 nəfərə tətbiq edilib.
Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 49-u əcnəbi vətəndaşdır. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, amnistiya tətbiq edilən şəxslərdən 505-i qadın, 20-si yetkinlik yaşına çatmayanlar, 363-ü 60 yaşdan yuxarı olanlar, 6-sı isə Vətən müharibəsi iştirakçılarıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Milli Məclis 2021-ci il noyabrın 5-də "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.