BAKI, 18 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.
Sputnik Azərbaycan-a qurumdan verilən məlumata görə, ilkin mərhələdə layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir.
Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.
Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.
"Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmalarını və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamalarını xahiş edirik. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır", - deyə BNA-dan bildirilib.
Bakıda parklanma sahəsində xaos
Qeyd edək ki, hazırda paytaxtda parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Parklanma ilə bağlı tariflər müəyyən edilməsə də, pulsuz parklanma yerlərində müxtəlif şəxslər tərəfindən sürücülərdən pul yığılır.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib.
BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. O bildirib ki, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. V.Kərimli deyib ki, Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə kimi Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək.
"Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzi ilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir".
Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.