BAKI, 18 yanvar — Sputnik. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrüylə müqayisədə ölkədə skarlatina (73,6 faiz), su çiçəyi (64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.
Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya kimi xəstəliklər isə ümumiyyətlə qeydə alınmayıb.
COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı tədbirlər, profilaktik və təxirəsalınmaz qərarlar 2021-ci ildə də davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.