DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa və Rusiya arasında təhlükəsizlik dərdi: sanksiyalar olacaq?

Borrel deyib ki, Avropa İttifaqı Ukraynanı islahatlar aparmağa sövq edir.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Avropa İttifaqı Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi planlaşdırmır, lakin onun Ukraynaya hipotetik hücumu halında tədbirlər görəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.
Borrel komissiya üzvlərinin suallarını cavablandırarkən bildirib ki, heç kim Rusiyaya qarşı qabaqlayıcı sanksiyalardan danışmayıb: "Heç bir önləyici sanksiyalar olmayacaq və biz onlardan danışmırıq. Hər hansı bir hərəkətə ehtiyac olarsa, biz o baş vermədən öncə buna hazır olacağıq".
Borrelin sözlərinə görə, Aİ Ukraynanı xarici təzyiqlərə daha yaxşı müqavimət göstərə bilmək üçün islahatlar aparmağa sövq edir: "Biz Ukraynadakı dostlarımıza deyirik ki, bizim dəstəyimiz islahatlara gətirib çıxarmalıdır. Biz Ukraynaya siyasət, iqtisadiyyat və hüquq sistemində islahatlar üçün yardım edirik".
Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.