RUSİYA

Rusiyasız Avropada təhlükəsizliyə zəmanət vermək mümkün deyil

"Şimal axını 2" iqtisadi layihədir, bəlkə də hamı tərəfindən dəstəklənmir, lakin Almaniyada bu sahədə razılığın əldə olunmasına işarələr var.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın Avropa təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirakı zəruridir və ümumi məqsədlərə nail olmaq üçün ölkənin G7 formatına qayıtması arzuolunandır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "İzvestiya"ya Bundestaqın xarici siyasət komitəsinin Sosial Demokratiya Partiyasından olan deputatı və partiyanın keçmiş sədr müavini Ralf Şteqner deyib.
Parlamentari Berlinin Moskva ilə dialoqa hazır olduğunu qeyd edib. "Biz bu cür formatları son dərəcə vacib hesab edirik və dialoq üzrə tərəfdaşların hər biri bunu dəstəkləyir. Bu, Avropada təhlükəsizlik sahəsində tərəqqiyə nail olmağa ümid verir. Mən vurğulamaq istərdim ki, Rusiyasız Avropada təhlükəsizliyə zəmanət vermək mümkün deyil", - deyə Şteqner bildirib.
O, həmçinin "Şimal axını 2" layihəsinin gedişindən danışıb, qaz kəmərinin istismarı üçün ciddi maneələrin olmadığını vurğulayıb.
""Şimal axını 2" iqtisadi layihədir, bəlkə də hamı tərəfindən dəstəklənmir, lakin Almaniyada bu sahədə razılığın əldə olunmasına işarələr var. Çərçivə şərtləri kəskin şəkildə dəyişməsə və mən bunu yaxın gələcəkdə görməsəm, o zaman layihəyə start veriləcək", - siyasətçi bildirib.
Şteqner Moskvanın G7 formatına qayıtmasını arzuolunan hesab edib, lakin bunun yalnız təhlükəsizlik təminatları üzrə kompromis əldə edildikdən sonra baş verə biləcəyini qeyd edib.
Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.