BAKI, 17 yanvar - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefonla danışıblar. Onlar dekabrın sonunda Vyanada davam etdirilən nüvə sazişinin tam icrasının bərpası üzrə danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafında vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
“Nazirlər 27 dekabr 2021-ci il tarixində Vyanada “nüvə sazişi”nin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş ilkin balanslaşdırılmış konfiqurasiyası çərçivəsində tam icrasının bərpası üçün davam etdirilən danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyəti nəzərdən keçiriblər”, - RF XİN-in saytında yayımlanan məlumatda deyilir.
Hazırda Vyanada BHFP-in yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqlar aparılır. Dekabrın 27-də səkkizinci raunda start verilib. Hətta yeddinci raundda, tərəflər Avropanın İranın mövqeyini əks etdirən iki saziş layihəsi üzrə razılığa gəliblər.
Dekabrın 31-də danışıqlar Yeni il bayramı ilə əlaqədar dayandırılıb. Yanvarın 3-də tərəflər Vyanada dialoqu davam etdiriblər. İran nümayəndəsi Əli Bagiri Qəninin sözlərinə görə, danışıqlar uğurlu gedir. Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi “cüzi” kimi qiymətləndirib və Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.
2015-ci il 14 iyul tarixində “Altılıq ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan nüvə sazişini - Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayıb.
Sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi.
Lakin 2018-ci ilin may ayında ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp Amerikanı BHFP-dan çıxarmaq qərarına gəlib və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.
İbrahim Rəisi Putinlə görüş üçün Moskvaya gedəcək
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.Danışıqlar gələn həftə Moskvada baş tutacaq.
Bundan əlavə, dövlət başçısının Rusiya Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.
Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 12-də jurnalistlərə açıqlamasında bildirib ki, İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri üzərində iş aparılır.
Peskov bildirib ki, Kreml səfərin tarixini yaxın vaxtlarda açıqlayacaq.
Həmçinin oxuyun: