İQTİSADİYYAT

Fermerə dəyən ziyan belə ödənilir-VİDEO

Fermerlər aqrar sığorta haqqında nə düşünürlər, bu haqda məlumatları varmı? Məsələ ilə əlaqədar Sputnik Azərbaycan bölgələrdəki bəzi fermerlərin fikirlərini öyrənib
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb. Dövlət dəstəyi ilə sığortalanan bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. İndiyədək ancaq südlük inək və camış sığortalanırdısa, bundan sonra qoyun, keçi və danalar da sığortalanacaq. Bu addım daha çox fermer və təsərrüfatın aqrar sığortaya çıxışını təmin edəcək, gəlirlərini və təsərrüfatını qoruyacaq.
Bəs, maraqlıdır fermerlər aqrar sığorta haqqında nə düşünürlər, bu haqda məlumatları varmı?
Məsələ ilə əlaqədar Sputnik Azərbaycan bölgələrdəki bəzi fermerlərin fikirlərini öyrənib.
40 hektardan artıq sahədə kartof əkini ilə məşğul olan tovuzlu fermer Atakişi İmaməliyev aqrar sığorta haqda yalnız televizordan eşitdiyini söyləyib:
"Bu haqda ancaq televizorda eşitmişik, heç kim gəlib təklif etməyib. Gərək şərtlərlə tanış olaq ki, hansı hallarda kömək, güzəşt olunacaq. Şərtlər qane etsə, sığorta etmək olar. Məsələn, su idarəsi ilə müqavilə bağlayırıq. Deyirlər ki, çayda su olsa verəcəyik, olmasa verməyəcəyik. Belə müqavilə nəyimə lazımdı. Sığorta da onu kimi müqavilə təklif etsə, sərf etməz".
Ağstafa rayonunda maldarlıqla məşğul olan Səfər Əliyev aqrar sığorta haqda məlumatının olmadığını, indiyədək sığorta təklifi almadığını bildirib: "Aqrar sığortayla bağlı heç bir məlumatım yoxdur. Heç kim gəlib təklif də etməyib. Qardaşımla birgə 90 baş mal-qara bəsləyirik. Məsləhətli olsa sığortalamaq istəyərdim. Sadəcə şərtləri ilə tanış deyiləm. Məsələn, il ərzində 10-20 manat olsa sığorta etmək olar. Amma daha artıq, yaxud 50 manat olsa bu, yəqin ki sərf etməz".
Beyləqanlı fermer Fədail Əzimov bu barədə geniş məlumatlı olmadığını, ancaq sığortadan istifadə etmək istədiyini söyləyib:
"Yenicə bu barədə eşitmişəm, amma geniş məlumata sahib deyiləm. Əlbəttə bundan yararlanmaq istəyərdim. Həm bitkiçilik sahəsində həm də heyvandarlıq sahəsində. Bizim təsərrüfatımız böyükdür. Hər il taxıl və pambıq əkirik. Kifayət qədər həm iribuynuzlu həm də xırdabuynuzlu heyvalarımız var. Bu sığorta əlverişli olsa, bizdə istifadə edərik. İl ərzində heyvanlarımıza, əkinlərə nəsə olacağından çox narahatçılıq keçirdirik. Sığortamız olsa daha çox əkin əkərik. Ən azından bilərik ki, sığortamız var".
"Mənim kimi bir çoxları bu sığortadan xəbərsizdir. Bizə bu sığorta haqqında geniş məlumat verilsə, biz də bundan istifadə edə bilərik"-deyə fermer əlavə edib.
Zaqatalada fındıqçılıq və heyvandarlıqla məşğul olan fermer Vidadi Qaziyev bitkilərini sığortalamaq istəyir: "Bəzi bitkiləri sığortalamaq istəyərdim. Lakin sığorta riskləri ilə bağlı məlumatım yoxdur. Marifləndirmə aşağı səviyyədə aparılır".
Balakənli fermer Məhəmməd Bazarov deyib ki, bizim sahəmiz əsasən bağçılıqdır: "İntensiv bağçılıqla məşğul oluruq. Sığortaya etibar olsa, bundan istifadə etmək olar. Dəymiş ziyana görə sığorta ödənişin verilməsi ilə bağlı inamım azdır. Lakin aqrar sığorta haqqında məlumatım var".
Lənkəranlı fermer Yunus Qulamov deyib: "Bizim bölgəmizdə aqrar sığortadan geniş istifadə olunmur. Tərəvəz üzrə bəzi sığorta edənlər var, amma sığorta ödənişi ala bilməyiblər. Çoxunun aqrar sığorta haqqında məlumatı yoxdur".
Sığortasız əkin sahələri subsidiya ala bilməyəcək
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib.
Fond fermerlərə xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib.
Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıdır.
Yenilik ölkənin ərzaq təhükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır.
Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub – aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir.
Aqrar Sığorta Fondu bildirir ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır – əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir.
Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər.
Aqrar sığortanın əhatə dairəsi genişləndirilib
Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndirilib.
Nazirlər Kabineti "Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi"ndə, "Aqrar sığorta predmetinin Tərkibi"ndə və 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib. Bu qərarlara əsasən Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.
"Aqrar sığorta predmetinin Tərkibi"ndə dəyişiklik edilməsi barədə qərara əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı indiki 14-dən 41-ə qaldırılıb. İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.
Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarları ilə aqrar sığorta üzrə təminat verdiyi risklərin siyahısı da genişləndirilib.
"Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi"ndə dəyişiklik edilməsi barədə qərara əsasən bitkilərə münasibətdə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər nəticəsində aqrar sığortanın əhatə dairəsi genişlənərək ölkə üzrə əkin sahələrinin 99%-ni əhatə edəcək. Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində isə fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı qorunacaq.
Aqrar sığortanın çoxsaylı meyvə və tərəvəz növlərini, xüsusilə də ölkədən ixrac olunan məhsulları əhatə etməsi Azərbaycandan xaricə məhsul ixrac edən təsərrüfatlara böyük dəstək olacaq, onların biznes fəaliyyətində dayanıqlığı artıracaq. Bununla da aqrar sığorta mexanizmi ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkədən ixraca da dəstək verəcək.
Bitkiçilik
Aqrar Sığorta predmeti olaraq aşağıdakı bitkiçilik məhsulları sığortalanır:
- taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən
- lifli bitkilərdə – lif;
- əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib;
- əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq;
- meyvəsi yeyilən bitkilərdə - meyvə;
- yem bitkilərində - bütün yaşıl hissə.
Hansı bitkilər sığortalana bilər?
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən, Azərbaycanda Aqrar Sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edəcək. Onlara buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca və s. göstərmək olar.
Hansı risklərdən sığortalana bilər?
dolu;
yanğın;
zəlzələ;
torpaq sürüşməsi;
qasırğa;
fırtına;
sel və subasma;
leysan;
ildırım;
şaxtavurma (donvurma);
normadan artıq yağan qar yağıntıları;
üçüncü şəxslərin hərəkətləri.
Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
Əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40% çox ola bilməz.
Əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.
Sığorta müqaviləsi bağlanması
Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.
Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını Fondla razılaşdırmalıdır.
Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə baxış keçirilir.
İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Sığorta haqqının ödənilməsi
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.
Sığorta haqqı aşağıdakı hissələrdən ibarətdir: sığortalı tərəfindən ödənilməli olan hissə; dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i.
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir. Sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsinin tam ödənilməsi nəzərdə tutulduqda - hamısı, hissə-hissə ödənilməsi nəzərdə tutulduqda isə sığorta müqaviləsində müəyyən edilmiş ilk hissəsi aqrar sığorta müqaviləsinin bağlandığı gün ödənilir.
Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra və ya sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda onun tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta hadisəsi olduqda
Sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur.
Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
Heyvandarlıq
Aqrar Sığorta predmeti olaraq aşağıdakı kənd təsərrüfatı heyvanları sığortalanır:
- 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);
- 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);
- 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?
Aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
ilan və ya həşərat sancması;
zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
kimyəvi maddələrin təsirindən zəhərlənmə;
təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
yanğın;
vəhşi heyvanların hücumu;
üçüncü şəxslərin hərəkətləri;
əlavə sığorta haqqı ödəməklə nəzərdə tutulmuş risklərlə yanaşı oğurluq, soyğunçuluq və quldurluq yolu ilə əldə edilməsi nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.
Sığorta müqaviləsinin bağlanması
Heyvan qapalı yerdə saxlanılmalı və saxlandığı yer "Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları"na uyğun olmalıdır ( Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı);
Heyvanın "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları"na uyğun olaraq qulluq və qidalanması təmin edilməli (Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı);
Heyvan peyvəndlənməli və birkalanmış olmalıdır;
Heyvan barədə məlumatlar EKTİS-ə daxil edilnəlidir.
İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını Fondla razılaşdırmalıdır.
Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə baxış keçirilir.
İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Kənd təsərrüfatına ən çox zərər vuran hadisə - Doludan sığortalanmaq neçəyə başa gəlir?
Kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərlə müşayiət olunan sahədir. Əkinlərin məhsuldarlığı və fermerlərin gəlirləri böyük həcmdə hava şəraitindən asılıdır.
Kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərlə müşayiət olunan sahədir. Əkinlərin məhsuldarlığı və fermerlərin gəlirləri böyük həcmdə hava şəraitindən asılıdır.
Müşahidələr göstərir ki, bütün dövrlərdə əkinçiliyə ən böyük zərəri dolu vurub. Dolu əkin sahələri ilə yanaşı, kolları, tingləri, ağacların budaqlarını məhv edir, hətta bəzən dolu yağması nəticəsində kiçik ev quşları da tələf olurlar.
Dolu yağması əkinlərə təkcə fiziki zərər vurmur, dolunun bitkinin qabığını zədələməsi nəticəsində, burada yeni xəstəliklər, o cümlədən göbələk xəstəlikləri ortaya çıxır və əkinə düzəlməyən zərər dəyir. Beləliklə sahədəki məhsulun 70-100%-i itirilir.
Eyni zamanda dolu - ən çətin proqnoz edilən hadisədir. Hər hansı sahəyə dolu düşüb-düşməyəcyini əvvəlcədən demək olduqca çətindir. Hətta dəqiq proqnoz olduqda belə, bu hadisənin qarşısını almaq faktiki olaraq mümkünsüzdür.
Dolu yağmasından dəyən böyük zərərlər
Dünyanın sığorta və kənd təsərrüfatı sektorunda dolu yağmasının böyük zərərləri ilə bağlı misallar minlərlədir. 2010-cu ildə isə Kanadanın Alberta vilayətində dolu 90 min hektar əkin sahəsini məhv edib, dəyən zərər 18,5 milyon dollarn təşkil edib. 2013-cü ildə ABŞ-ın Montana ştatında dolu yağması kənd təsərrüfatı sahəsinə 14 milyon dollarlıq zərər vurub. Bu həmni ştatda 98 illik doludan sığorta proqramı üzrə qeydə alınan ən böyük ödəniş olub. 2015-ci ildə Avstraliyada dolu yağması bitkiçilik və əkin sahələrinə 250 milyon dollar zərər vurub. Bu hadisə nəticəsində təkcə qida bitkiləri deyil, həm də böyük pambıq sahələri məhv olub.
Azərbaycanda 1 hektar sahəni doludan qorumaq neçəyə başa gəlir?
Azərbaycanda dövlət dəstəyi ilə yeni tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini doludan da sığortalamağa imkan verir. Orta rəqəmlərə əsasən, 1200 manatlıq taxıl yığılan 1 hektar sahənin sığortalanması ölkənin əksər ərazilərində fermerlərə 6-12 manata başa gəlir. Sığortalanan təsərrüfatlarda dolu vurma və digər sığorta hadisəsi baş verdikdə 10% azadolma məbləği sıxılaraq zərərin 90% həcmində sığorta ödənişi edilir. Yeri gəlmişkən, əkin sahələrini dolu və digər risklərdən qorumaq üçün sığorta haqlarını Aqrar Sığorta Fondunun internet səhifəsindəki Bitkiçilik sığortası kalkulyatoru vasitəsilə hesablamaq mümkündür.
Dolunun korladığı meyvə üçün ayrıca sığorta var
Bəzi hallarda dolu yağması məhsulu məhv etməsə də, onun qabığına zərər vuraraq xarici görünüşünü korlayır. Nəticədə məhsul itirilməsə də, görünüşünü korlandığına görə, onun satışında problem yaranır, fermer onu qat-qat ucuz satmağa məcbur olur və böyük zərərə düşür.
Azərbaycandakı aqrar sığorta ilə fermerlər öz məhsullarını bu riskdən də qoruya bilərlər. portağal, limon, naringi kimi meyvələri dolu vurması nəticəsində əmtəə görünüşünün itirilməsi və qiymətin aşağı düşməsi riskindən sığorta etmək olar. Bu zaman itirilən qiymət fərqinə görə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişi edilir.
Bu sığorta tarifi məhsulun qiymətinin 1-2%-i arasında dəyişir, üstəlik sığorta haqqının yarısını da dövlət ödəyir.
Əvəzində fermerlər qiymətdə itirdikləri məbləğin 90%-ni ödəniş şəklində geri ala bilərlər. Məsələn, Lənkəran regionunda məhsulunun ümumi qiyməti 25 min manat olan portağal bağını bu riskdən sığortalamaq üçün sığorta haqqı 260 manat təşkil edir. Fermer bu məbləğin yarısını – 130 manat ödəyir.
Məhsulu ucuzlaşan fermerə ödəniş verilir
Sahəni dolu vurması nəticəsində portağalın qabağına dəyən zərər onun əmtəə görünüşünü korlayır və satışında poblem yaradır. Bunun nəticəsində, məsələn, kiloqramı 1 manat olan portağalın qiymət 50 qəpiyə enirsə, fermerin üzləşdiyi hər kiloqramda 50 qəpik, ümumi sahədən isə 12 500 manatlıq qiymət itkisi zərərinin 90%-i, yəni 11 250 manat kompensasiya edilir. Yəni Aqrar Sığorta Fondu ona bu məbləği ödəyir.
Belə sığorta təkcə yerli bazara deyil, xaricə məhsul ixrac edən təsərrüfatlar üçün xüsusilə vacibdir və onları böyük itkilərdən qoruya bilər.
Azərbaycanda dolu vurmaya görə ilk sığorta ödənişi edilib
Yeri gəlmişkən, Aqrar Sığorta Fondunun bitkiçilik üzrə ilk sığorta ödənişi məhz dolu vurması ilə bağlı olub. İsmayıllı rayonunun Mücü-həftaran kəndində fəaliyyət göstərən fermer özünün 2 hektarlıq üzüm bağını Aqrar Sığorta Fondunda sığortalayıb.
Bu zaman ümumi məbləği 260 manat təşkil edən sığorta haqqının, fermer yalnız yarısını – 130 manat ödəyib və bunun müqabilində 4200 manat sığorta təminatı alıb.
Bu ilin iyun ayında əraziyə dolu yağıb və üzüm sahəsində bütün məhsul itirilib. Amma təsərrüfatını vaxtında sığortaladığına görə, fermerə 3780 manat (4200 manatdan 10% azadolma məbləğini çıxmaqla) sığorta ödənişi edilib və ona dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən kompensasiya olunub.