BAKI, 17 yanvar — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 kiloqramdan artıq yüksək təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Polis Baş leytenantı Məhəmməd Rzayev Sputnik Azərbaycan-a məlumat verib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində, Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin avtomobildən İ.Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə ümumilikdə 14 kiloqram 725 qram narkotik vasitə heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.