AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bölgələrdə ət bahalaşıbmı - ARAŞDIRMA-VİDEO

Rayonlarda mal və qoyun ətinin qiymətinin qalxıb-qalxmadığı, qəssab və fermerlərin fikirləri Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Son günlər Azərbaycanda mal və qoyun ətinin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılıb. Bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiymətinin artdığı deyilir. Yayılan məlumata görə, kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
Sputnik Azərbaycan bölgələrdə mal və qoyun ətinin, eyni zamanda heyvan yemlərinin qiymətinin qalxıb-qalxmadığı ilə maraqlanıb, qəssablar və fermerləri danışdırıb.

Zaqatalada mal və qoyun ətində qiymət artımı yoxdur

Zaqataladan olan fermer Fərhad Abdullayev deyir ki, hələlik rayonda heç bir qiymət artımı yoxdur: "Hazırda biz iribuynuzlu heyvanın diri çəkisinin kiloqramını 4-4,5 manata satırıq. Xırdabuynuzlu heyvanların isə diri çəki ilə kiloqramı 6-6,5 manata satılır. Bu qiymətlər keçən il də belə idi.
Ancaq otun qiymətinə gəldikdə isə, ötən illə müqayisədə bu il 1 manat bahalaşma var. Ötən il bu vaxtı otun bir bağlaması 4-5 manat idisə, bu gün artıq 5-6 manat təşkil edir. Dənli bitkilərin isə kiloqramı ötən il 45 qəpik olduğu halda, indi 65 qəpikdir".

Yem isə bahalaşıb

Zaqataladan olan digər fermer Fərayim Dadalov da deyir ki, diri heyvanların qiymətində artım yoxdur: "İribuynuzlu mal-qaranın diri çəkisini kiloqramını ötən il 4,20-4,30 manata satırdıq, indi də belədir. Qiymətlərdə heç bir artım yoxdur. Çünki ətə tələbat azdır. Yem isə bahalaşıb.
Yoncanın bir bağlaması 5 manat 60 qəpikdir. Arpa 42-43 qəpikdən 60 qəpiyə qalxıb. Qarğıdalı yemi isə 55 qəpikdən 65 qəpiyə qalxıb. Heyvanlara verilən kəpəyin bir kisəsi 5 manat 50 qəpik idi, hazırda 7 manatdır. Yemin qiyməti qalxsa da, ətin və südün qiyməti olduğu kimi qalır".
Zaqatala bazarında mal ətinin 1 kiloqramının qiyməti 8-10 manata, qoç ətinin qiyməti isə 10-12 manata satılır. Bazarda da qiymət artımı müşahidə edilmir.

Şimal bazarlarında qəssablar qiymətin artmadığını deyirlər

Şabran, Xaçmaz, Quba və Qusar bazarlarında qəssablar qiymətlərdə heç bir artımın olmadığını, amma yaxın günlərdə qiymət artımının şahidi olacaqlarını bildiriblər.
Şabran, Xaçmaz, Quba və Qusar bazarlarında 1 kiloqram quzu ətinin qiyməti 12-13 manat, mal əti isə 11-11,50 manat arasında dəyişir.
Bazarlarda heyvan yemlərinin qiymətlərində isə bahalaşma var. Əvvəllər kiloqramı 40 qəpiyə satılan arpa indi 55 qəpiyə, 55 qəpiyə satılan buğda isə 70 qəpiyə satılır.

"Yem alıb çatdıra bilmirəm"

Yem artımına narazılıq edən Şabran rayon sakini Rəsul Əliyev bildirdi ki, indiyə qədər həyətlərində ev quşlarını bəsləyib satmaqla ailəsini dolandırıb: "Həyətimizdə ev quşları - toyuq, ördək, qaz bəsləyib satmaqla ailəmi saxlayıram. İndi yemin qiyməti çox baha olduğundan quşları da dəyər-dəyməzə satmağa məcburam. Çünki yem alıb çatdıra bilmirəm".

Mal-qara bahalaşsa, qəssablar da məcburən ətin qiymətini qaldıracaqlar

Lənkəran bazarında mal ətinin kiloqramı 9-11 manat arasında dəyişir. Qoyun əti 10-11, quzu əti isə 12 manatdır. Qəssablar bildirirlər ki, əgər mal-qaranın satış qiyməti bahalaşsa, onlar da məcburən ətin qiymətini bahalaşdıracaqlar.
Maldarlar isə qəssablara satdıqları mal-qaranın qiymətində artımı otun, buğdanın və arpanın qiymətinin bahalaşması ilə izah ediblər. Lənkəranda qəssablardan biri deyib ki, aldıqları mal-qaranın qiymətində cüzi artım olsa da, onlar müştərilərinə hələlik əti baha satmaq niyyətində deyillər.
Lerik rayonunun kəndlərində qəssablar da hazırda ətin qiymətinin bahalaşmadığını və aldıqları mal-qaranın qiymətlərinin qalxacağı təqdirdə müştərilərinə əti baha qiymətə satmağa məcbur olacaqlarını dedilər.
Astaranın kəndlərində də hələlik artım müşahidə olunmayıb. Hazırda mal ətinin qiyməti 7-11 manat arasında satılır.

Qərbdə hələ sakitlikdir

Azərbaycanın qərb rayonlarında (Tovuz, Ağstafa və digərləri) ətin qiyməti dəyişməyib. Heyvan kəsimi məntəqələrində dana ətinin kiloqramı 9.5-10 manatdan, xırda heyvan 11-12 manatdan təklif olunur.

Bu rayonlarda isə ət bahadır

Son günlər Şamaxıda ət kəsimi məntəqələrində qiymət artımı müşahidə olunur. Belə ki, ötən ayın bu günlərində dana ətinin bir kiloqramı 10, quzu əti 11,12 manata satılırdısa, indi bu qiymətlər dəyişib. Hazırda Şamaxıda müxtəlif kəsim məntəqələrində dana ətinin bir kiloqramı 11.13, quzu ətinin bir kiloqramı 14,15, bəzi yerlərdə 16 manata satılır.
Göyçayda da ətin qiymətində artım qeydə alınıb. Əvvəllər qoyun əti 11, dana əti 9-10 manata təklif olunurdusa, indi qoyun ətinin bir kiloqramı 14 manata, dana əti 11-12 manata satılır.
Ağdaş və Ağsu rayonlarında da ət satışında qiymətin qalxması müşahidə olunur. Belə ki, ilin sonunda Ağdaşda mal ətinin qiyməti 10-11, quzu əti 12 AZN idisə, hazırda quzu ətinin bir kiloqramı 15, dana ətinin bir kiloqramı 13 manata təklif olunur.
Digər bölgələrdə olduğu kimi Ağsuda ət satışında qiymət artımı özünü göstərir. Hazırda rayonun ət kəsimi məntəqələrində dana ətinin bir kiloqramı 11, quzu ətinin bir kiloqramı 13 manata satılır. Əvvələr isə dana əti 10, quzu əti 11 manata satılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.