BAKI, 17 yanvar — Sputnik. "Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezidentin bu fikirlərindən sonra ötən həftə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu" mövzusunda "dəyirmi masa" keçirib.
İclasın iştirakçılarından Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılmasını təklif edib.
Sputnik Azərbaycan ölkəmizdə korrupsiya ilə mübarizədə QHT-lərin rolu ilə bağlı Əliməmməd Nuriyevlə həmsöhbət olub.
Əliməmməd Nuriyev bildirib ki, QHT-lər bu və ya digər formada korrupsiya ilə mübarizədə fəaliyyətlər həyata keçirirlər:
"Vətəndaş Cəmiyyətinin iştirakı olmadan korrupsiya ilə mübarizəni effektiv hesab etmək olmaz. Prezident İlham Əliyevin də korrupsiya ilə bağlı mübarizə üçün imzaladığı bütün proqram, strategiya və Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planlarında dövlət orqanlarının qarşısına vəzifə qoyulub ki, vətəndaş cəmiyyətilə partnyorluq münasibətləri ilə bu proseslər həyata keçirilsin".
"Təsadüfi deyil ki, sonuncu fəaliyyət planında görülən işlərin mütləq əksəriyyəti vətəndaş cəmiyyətinin təklifləri əsasında tətbiq olunub. Bu korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycanda uzun müddətdir ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması fəaliyyət göstərir. Bu platforma da çoxsaylı təkliflərlə çıxış edib", - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, QHT-lərin apardığı bir çox tədqiqatlar nazirliklər tərəfindən də nəzərə alınır: "Qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda anti-korrupsiya standartlarının yaradılmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolu əvəzsizdir. Vətəndaş Cəmiyyəti anti-korrupsiya fəaliyyət planlarının və qanunvericiliyinin həyata keçirilməsində rol oynayır".
"Vətəndaş Cəmiyyəti ölkədə korrupsiya səviyyəsinin öyrənilməsi ilə bağlı işlər görüb. "Şəffaflıq Azərbaycan" təşkilatı uzun müddət korrupsiya qurbanlarına yardım layihəsini icra edib. Konstitusiya Araşdırmaları Fondu da bu sahədə mütəmadi olaraq fəaliyyətini həyata keçirir", - deyə Ə.Nuriyev qeyd edib.
O bildirib ki, QHT-lərə dəstək Şurası və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyətinin korrupsiya ilə mübarizə layihələrinə dəstək verir:
"Azərbaycan Vətəndaş Cəmiyyəti həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Əlbəttə, biz bu fəaliyyətin və əməkdaşlıq dairəsinin daha geniş olmasını arzulayırıq. Amma bununla bağlı bəzi məhdudiyyətlər var. Mühüm məqamlardan biri ictimai iştirakçılıqla bağlı qanunun qəbul edilməsidir. Bu qanun layihəsi də Konstitusiya Araşdırmaları Fondu tərəfindən hazırlanıb. Bu qanunun qəbulundan sonra ictimai şuraların yaradılmasına başlanıldı".
Əliməmməd Nuriyev deyib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, bununla belə korrupsiya ilə mübarizədə sistemli yanaşmanın mövcudluğu əhəmiyyətlidir:
"Prezident İlham Əliyev jurnalistlərə son müsahibəsində yeni anti-korrupsiya gündəliyini cəmiyyətə təqdim etdi. Bu, vətəndaş cəmiyyəti üçün də mesaj idi. Bu gün ictimai nəzarətin ayrı-ayrı formaları mövcuddur və müəyyən təsirə malikdir. Biz ictimai nəzarətin daha yüksək pilləsinin tətbiqinə nail olmalıyıq. Bu da Prezident yanında İctimai Palatanın yaradılması ola bilər".
"Bununla prezident, media və vətəndaş cəmiyyəti təmaslarının daha da yaxınlaşdırılması mümkün olacaq. İnstitusionallaşma hər şeydən əvvəl səmərəli idarəetməyə öz töhfəsini verəcək. Bu institusionallaşma insan hüquq və azadlıqlarının daha yaxşı qorunması, dövlət orqanlarına etimadın gücləndirilməsi kimi məsələlərə də təsir göstərəcək", – deyə hüquqşünas əlavə edib.