BAKI, 17 yanvar — Sputnik. Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Sputnik Azərbaycan-ın məlumatına görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.
Bakı-Şuşa avtobusu. Arxiv şəkli
© Sputnik / Zulfiyya Guluyeva
Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.
Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, Şuşa və Ağdama müntəzəm marşrut avtobusları ilə səfər qaydaları barədə məlumat sabah, yanvarın 18-də açıqlanacaq.
Xatırladaq ki, edək ki, hələ ötən il işğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb. Bu, 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatda öz əksini tapıb.
Hesabata görə, işğal altından azad olunan Cocuq Mərcanlıya 2020-ci ilin yanvar ayında ilk marşrut xəttinin açılışı təmin edilib: "İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanıb. Daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.