BAKI, 17 yanvar — Sputnik. Geridə qoyduğumuz həftənin ən diqqətçəkən hadisələrindən biri Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılmasına dair görüş idi. Bu, 12 il ərzində Ankara və Yerevan arasında baş tutan ilk təmasdır.
Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyanın danışıqları 1,5 saat davam edib. Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədilə danışıqları davam etdirməyə razılaşıblar.
Bildirilib ki, xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək. Ümumi götürülsə, həm Ankara, həm də Yerevan görüşün yekunlarını müsbət dəyərləndirib.
Sputnik Azərbaycan görüşün nəticələri, ondan olan gözləntilər və prosesin ümumilikdə regiona təsiri barədə Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu və politoloq Tural İsmayılovla həmsöhbət olub.
Selçuk Çolakoğlu xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasına dair görüşlər 2009-cu ildə uğursuz protokollardan sonra baş tutan ilk diplomatik təmaslardır:
"Rusiyanın vasitəçiliyi ilə Moskvada gerçəkləşən danışıqların ilk raundundan konkret bir nəticə çıxmayıb".
Çolakoğlu qeyd edib ki, tərəflər danışıqların ikinci raundunun yaxın zamanda həyata keçirilməsi mövqeyində razılaşıblar. Qarşılıqlı xoş niyyət addımları kimi Türkiyə İstanbul-Yerevan aviareyslərinin həyata keçirilməsinə yenidən icazə verib, Ermənistan isə türk məhsullarına tətbiq etdiyi idxal qadağasını aradan qaldırıb.
"Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasından gözlənilən iki ən böyük nəticədən biri Birinci Qarabağ müharibəsindən bəri qapalı olan hər iki ölkənin sərhədlərinin açılmasıdır. İkinci addım isə Ankara və Yerevanda qarşılıqlı olaraq səfirliklərin açılmasıdır", - deyə nümayəndə bildirib.
Professor qeyd edib ki, rəsmi Ankara Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması prosesi ilə paralel aparmaq istəyir. Bu nöqtədə Yerevanın ötən il üçtərəfli görüşlər (Azərbaycan-Rusiya-Ermənistan liderlərinin görüşləri –red.) zamanı söz verdiyi Zəngəzur dəhlizinin açılması böyük önəm daşıyır. Bununla da Türkiyə ilə Naxçıvan birbaşa Bakıya gedən avtomobil və dəmiryolu vasitəsilə bütün Azərbaycana bağlanacaq:
"Əgər bu müsbət addımlar atılarsa, Türkiyə, Azərbaycan, Ermənistan, eləcə də Gürcüstan quru və dəmiryolu bağlantıları ilə daha inteqrasiya olunmuş hala gələcək. Bu da Cənubi Qafqazdakı iqtisadi inteqrasiyanı, buna bağlı olaraq iqtisadi inkişafı daha da gücləndirəcək. Bu xüsusda Rusiya ilə İranın da regional sülh və iqtisadi inteqrasiyaya dəstək verməsi son dərəcə önəmlidir".
Politoloq Tural İsmayılov isə vurğulayıb ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasında Rusiya tərəfinin də mövqeyi, istəyi var:
"Rusiya siyasi rəhbərliyi hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması bütün region, Avrasiyadan Avropaya qədər uzanan mühüm geosiyasi xətt üçün də vacibdir. Buna görə də Türkiyə-Rusiya əlaqələrinin normallaşmasında Rusiya öz vasitəçilik missiyasını uğurla həyata keçirir".
Politoloq qeyd edib ki, Rusiyanın Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair səmimi münasibətinin ortada olduğu bir vaxtda Ermənistanın Qərb siyasi dairələri tərəfindən oyuncaq kimi istifadə olunan hazırkı hakimiyyətinin, eləcə də revanşist qüvvələrinin prosesi pozmağa yönəlmiş təxribatçı açıqlamaları davam edir.
Lakin istənilən halda, fevral ayından Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatının açılması, danışıqların növbəti raundunun keçirilməsinə dair razılıq hər iki tərəfin iradəsinin göstəricisidir.