BAKI, 16 yanvar — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Amma dünyanın əsas diqqət mərkəzində Qazaxıstanda baş verən qorxunc olaylar və KTMT silhməramlılarının orada vəziyyəti sabitləşdirməyə çalışması idi. Amma Qazaxıstandakı radikal siyasi toqquşmaların xarakteri KTMT sülhməramlılarının ora yönləndirilməsi ilə xeyli dəyişmiş oldu. Bu hadisələr zamanı 225 nəfərin həlak olduğu açıqlanıb.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra "terror təhlükəsinin aradan qaldırılmasında" kömək üçün KTMT-yə müraciət edib.
BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 17 polis həlak olub, 1,3 mindən çox polis işçisi isə yaralanıb.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Əməliyyatda Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edib. Strateji əhəmiyyətli obyektlərin mühafizəsi onlara həvalə edilib. Ötən cümə axşamı, yanvarın 13-də missiyanın başa çatdığı elan edilib.
Yanvarın 10-u Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib: "10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq".
Vəzirov vəfat etdi
Yanvarın 10-u Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib. O, Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. Vəzirov Moskvada həyat yoldaşının yanında xristian qaydasında müsəlman kimi dəfn edilib.
Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Yanvarın 10-u Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və müdafiə sənayesinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.
Tərəflər həmçinin beynəlxalq və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həllinin vacibliyi, Türkiyənin də bu məsələdə hər cür yardım göstərməyə hazır olduğu ifadə olunub.
Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Qazaxıstandakı böhranın tezliklə həllinin bölgənin sabitliyi baxımından mühüm olduğu, Türk Dövlətləri Təşkilatının bununla bağlı addımlar atdığı bildirilib.
Bundan başqa, Türkiyənin Balkanlar, Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində qətiyyətli rol oynadığı vurğulanıb.
Türk Dövləti Təşkilatının Qazaxıstanla bağlı xüsusi iclası keçirilib
Yanvarın 11 - i Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısı keçirilib. İclasda çıxış edən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu qeyd edib ki, böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanır:
"Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır".
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır: "İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir.
Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək".
Azərbaycan Ordusunun əsgəri şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır
Yanvarın 11-i Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.
İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır".
İlham Əliyevin yerli telekanallara müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. https://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_yerli_televiziya_kanallarina_musahibe_verib_YENILANIB_VIDEO-1973206
Rusiya – NATO Şurasının iclası
Rusiya -NATO Şurasının Brüsseldə keçirilən son iki ildəki ilk iclasında Rusiya qurumlararası nümayəndə heyətini Cenevrədə Rusiya-ABŞ danışıqlarında iştirak edən xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edir. NATO tərəfindən isə iclasa alyansın baş katibi Yens Stoltenberq və quruma üzv 30 ölkəsinin nümayəndələri qatılıblar.
Danışıqların nəticələri hələlik açıqlanmayıb, tərəflər yalnız gələcək dialoqa hazır olduqlarını bildiriblər.
Azərbaycanda meqa layihənin təməli qoyuldu
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
Ərdoğandan Ermənistana çağırış
Yanvarın 13-ü Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşü zamanı bildirib ki, Ermənistan bölgədəki sülh fürsətini yaxşı dəyərləndirməlidir: "Azərbaycan ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəmə girdik. Ermənistanla münasibətləri normallaşdırma prosesini başlatmışıq. Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir",
Moskva Yerevanın təkliflərini Bakıya çatdıracaq
Yanvarın 14-ü Moskva demarkasiya üzrə komissiyaya dair Yerevanın təkliflərini Bakıya çatdıracaq və ümid edir ki, onun yaradılması haqqında qərar tezliklə veriləcək.
Rusiya Azərbaycan və Ermənistan sərhədlərinin tezliklə delimitasiyasının tərəfdarıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Bu, sırf ikitərəfli məsələdir, biz artıq bir ildir ki, onun üzərində işləməyə başlamağı təklif edirik", - deyə Lavrov vurğulayıb.
O, xatırladıb ki, Rusiya Baş Qərargahında və digər strukturlarda ölkələr arasında sərhədləri və onların dəyişikliklərini göstərən xəritələrin olduğunu nəzərə alaraq, Moskva xüsusi komissiya yaratmaq və məsləhətçi kimi fəaliyyət göstərməyi təklif edib.
Lavrovun sözlərinə görə, bu komisisyanı yaratmaq üçün ilk növbədə şərtlər barədə razılığa gəlmək lazımdır: "Bu şərtlər müzakirə olunur. Orada fikir ayrılıqları var".
Rusiya XİN rəhbəri ötən gün bu məsələ ilə bağlı erməni həmkarı ilə danışdığını bildirib: "Ötən gün mən erməni həmkarımla danışdım. Onun yeni təklifləri var və biz onu Bakıya çatdıracağıq. Komissiyanın ən qısa zamanda işə başlaması üçün nə etməli olacağımıza baxacağıq. Bizim mövqeyimiz sadədir: Rəsmi olaraq yaradılan komissiya çərçivəsində oturmaq və hazırda həll olunmayan məsələləri həll etmək lazımdır".
Moskva İlham Əliyevin irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirir
Rusiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "3+3" formatını da aktiv şəkildə dəstəkləyib.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
"Rusiya "3+3" formatında səyləri qeyd-şərtsiz dəstəkləyir və fəal iştirak edir. Onlar Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir, regionun üç ölkəsi və onların üç böyük qonşusu – Rusiya, İran və Türkiyə arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə davam edən siyasi problemlərin daha fəal, səmərəli həllinə şərait yaratmağa kömək edir".
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.
Türkiyə və Ermənistan rəsmilərinin ilk görüşü
Yanvarın 14-ü Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıqları başa çatıb.
Danışıqlar 1,5 saat davam edib. Danışıqların detalları açıqlanmır.
"Müsbət və konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
İlham Əliyevin Ukraynaya səfəri
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-ü ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər edib. Səfər zamanı Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb.
Onlar arasında Azərbaycan və Ukrayna Prezidentlərinin birgə bəyanatı, ikitərəfli ticarət, ərzaq təhlükəsizliyi haqqında memorandum, aqrar sahədə razılaşma da var.