BAKI, 16 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.
RİA Novostinin "Rossiya 1" telekanalına istinadla yaydığı məlumata görə, danışıqlar gələn həftə Moskvada baş tutacaq.
Bundan əlavə, dövlət başçısının Rusiya Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.
Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 12-də jurnalistlərə açıqlamasında bildirib ki, İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri üzərində iş aparılır.
Peskov bildirib ki, Kreml səfərin tarixini yaxın vaxtlarda açıqlayacaq.
İran-Rusiya Birgə Ticarət Palatasının vitse-prezidenti Kambiz Mirkərimi isə bildirib ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar İran prezidentinin Rusiyaya gözlənilən səfərinin əsas mövzularından olacaq.
Mirkəriminin sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin Moskvaya səfəri mühüm əhəmiyyət kəsb edir: "İran prezidenti İbrahim Rəisinin qarşıdakı səfərinin özəlliklərindən biri də odur ki, ticarət əlaqələri və maliyyə sazişləri üzrə danışıqlar yüksək səviyyədə aparılacaq. Biz bu danışıqların ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini gözləyirik".
İran mediası da Rəisinin Moskvaya səfərinin yaxın günlərdə baş tutacağını yazıb. Səfərin rəsmi tarixi isə açıqlanmayıb.
Rəisi Paşinyanla danışıb
Qeyd edək ki, yanvarın 3-ü İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik", - Rəisi deyib.
İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
Rəisi Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.
Həmçinin oxuyun: