Mingəçevirdəki bazar yaxınlığındakı parkda hər səhər tütəkdə ifa edilən müxtəlif havalar diqqət çəkir. Həmin yerə yaxınlaşanda isə kiçik bir uşağın şirmayı tütəkdə ifa etdiyinə şahidlik edirsən. Önünə qoyduğu qutuya hər keçib gələn qəpik-quruş atır. 11 yaşlı Kamran İsmayılov Yevlax sakini olduğunu deyir. Bir ildən artıqdır ki, Mingəçevirdə tütək çalıb pul qazanır. Gündəlik gəlirini isə xəstə atası üçün toplayır. Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətləşən kiçik qəhrəman atasının qaraciyər xəstəsi olduğunu, onun həyatda qalması üçün yayın istisi, qışın soyuğu demədən çalışdığını, heç məktəbə də getmədiyini bildirib.
Kamran İsmayılov "Bacarıram, bəzi mahnıları bacarıram. Məqsəd odur ki, atam xəstədir, ona görə tütək çalıram. Sonra da gedib atama dərman alıram. Gün ərzində 15-20 manat qazanıram. O qazancı atama verirəm, gedib dərman alıb gətirir özünə. Ona belə baxıram. Gün çıxar-çıxmaz gəlirəm".
Kamran İsmayılov ailələrində 6 uşaq olduğunu deyir. Həmçinin dilənçi olmadığını, bacardığı işlə məşğul olub atasının həyatda qalmasına yardımçı olduğunu bildirir. Qeyd edək ki, danışmağı o qədər də sevməyən müsahibimiz bir neçə dəqiqəlik söhbətləşməni bitirib məkanı tərk etdi.