BAKI, 16 yanvar — Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilib.
Qeyd edək ki, həmçinin 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə bilirlər.
Qanunvericiliyə əsasən, istehlakçıya qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu.