BAKI, 16 yanvar — Sputnik. Bizim xəstəxana keçmiş sovet ittifaqında ilk ixtisaslaşmış uroloji klinikadır. 1971-ci ildə Zaqafqaziyada ilk dəfə bizim klinikada böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Azərbaycanda transplantologiyanın tarixi məhz o tarixdən başlayır.
Bunu "TƏBİB məsləhəti" proqramında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.
F. Babayev bildirib ki, 1983-cü ilə qədər bu əməliyyatlar aktiv davam edib: “2007-ci ildə bizim klinika yenidən orqan köçürülə bilən mərkəzlər sırasına daxil edilib. 2011-ci ildən pandemiya başlayana qədər 70-ə yaxın xəstəyə böyrək köçürülüb. Hazırda Azərbaycanda 14 orqan transplantasiyası əməliyyatları həyata keçirilməsi ilə bağlı göstəriş verilib”.
Həkim qeyd edib ki, Azərbaycanda və bütün dünya praktikasında orqanköçürmə qohum orqanlarından istifadə etməklə köçürülür: ”Sonrakı dönəmdə meyit orqanlarının köçürülməsinə başlanılır. Yeni qanun artıq qüvvəyə minib. Etika komissiyası yaradılıb. Din xadimləri də bu işə cəlb olunub. Yaxın zamanlarda meyitdən orqan köçürülməsinə aktiv şəkildə başlayacağıq”.
F.Babayev xroniki böyrək çatışmazlığından da danışıb, bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində 1 milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür: “Azərbaycanda bu rəqəm 560-600 civarındadır. Onların da 40-45 %-i konservativ müalicə effekt vermədiyi hallarda hemodializ müalicəsi olunur”.
Həkim diqqətə çatdırıb ki, bu xəstəliyin cinsi olmur. Amma Azərbaycanda daha çox kişilərdə rast gəlinir. Xroniki böyrək çatışmazlığından ölüm riski də daha çox kişilərdədir:
"Burada ölümün baş vermə səbəbləri əsasdır. Xəstələr vaxtında həkimlərə müraciət etmirlər. Təklif olunan müalicə metodlarını bəzi xəstələr qəbul etmirlər. Həkim qeyd edib ki, əgər xəstə içdiyi su qədər bədəndən mayeni ifraz edirsə, bol su içə bilər”.