CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda balıqçılıq turizmi - imkan var, şərait yox

Qəbələdə Nohur Göl, Ördək göl ətrafında, Lənkəranda da kurort yerləri var ki, turistlər o ərazidə balıq tutmaq fəaliyyətini həvəskar şəkildə həyata keçirə bilərlər.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Dünyada balıqçılıq turizmi geniş inkişaf etsə də, ölkəmizdə turizmin bu növü elə də populyar deyil. Dənizdə, göllərin kənarında ara-sıra həvəskar balıqçılara rast gəlirik, ancaq turistlərə belə bir tur paket təqdim olunmur. Baxmayaraq ki, ölkəmizdə balıqçılıq turizm növünün inkişafı üçün böyük potensial var. Xəzər dənizi, kiçik göllərin olması hətta bölgələrimizdə də balıqçılıq turizmi üçün imkanlar açır.
Sputnik Azərbaycan balıqçılıq turizmi ilə bağlı hazırda ölkəmizdəki vəziyyət, görülməli olan işləri araşdırıb.
Adı balıq turu olsa da...
Bu məqsədlə əvvəlcə turizm şirkətləri ilə əlaqə saxlayırıq. Turizm şirkətlərindən bildirdilər ki, Mingəçevir balıq turu təklif olunsa da, bu tur paketə balıq tutmaq daxil deyil. Bəs adının hansı səbəbdən balıq turu olduğunu soruşduqda, əlaqə saxladığımız turizm şirkətlərindən bildirdilər ki, bir turist üçün 27 manat təşkil edən tur paketə Mingəçevir şəhər və Kür çayı sahilində gəzinti, balıq bazarı, Mingəçevir dənizi, adalara səyahət, gəmi gəzintisi, Kürün ortasında "Gəmi" restoranında həm gəzinti, həm yemək fasiləsi daxildir. Amma hazırda bu tur paket ləğv edilib.
Balıq turları noyabra qədər olur
Sputnik Azərbaycan-a "Olympus travel" turizm şirkətindən də balıq turu təklif etsə də, hələ ki bu turun aktiv olmadığını söylədilər. Şirkətin Mehriban adlı əməkdaşı bildirdi ki, yayda Göygöl və Mingəçevirə balıq turları təşkil olunur. Turistlərə orada balıq tutmaq üçün də şərait yaradılır. Amma bu turlar noyabr ayınadək davam edir: "Mingəçevirdə "Gəmi" restoranında turistlərə məhdud sayda balıq tutmağa şərait yaradırlar. Bir şərtlə ki, turist balığı tutub onlara verməlidir ki, bişirsinlər".
Qonşu Gürcüstanda var, bizdə yox
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada "Fish tourism" son illərdə inkişaf edən turizm növlərindən biridir. Səbəbi isə pandemiya dövründə bu turizm növünün daha təhlükəsiz olmasıdır. Çünki açıq havada, az adam olan ərazidə həyata keçirilir.
Şərifə Həsənova deyir ki, bu turizm növü üzrə dünyada birinci yerdə Amerika dayanır: "Onların dünyada bu turizm növü üzrə böyük destinasiyaları var. Kaliforniya, Florida kimi ştatlarda balıq turizmi daha populyardır. Afrikada, Baham adalarında da balıqçılıq turizminə rast gəlmək olar: "Bu gün Azərbaycanın qonşusu olan Gürcüstanda da balıqçılıq turizmi var. Kutaisidə Qızılı göldə turistlərə balıq tutmaq imkanı yaradılıb".
Ş.Həsənova bildirir ki, Gürcüstanda dövlətdən balıq turmaq üçün icazə alan şəxslər xarici və daxili turistlər üçün balıq turları təşkil edirlər, turistlər də o turlara qoşulurlar: "Onlar turistlərə balıq ovu üçün lazım olan avadanlıqları da verirlər.
Azərbaycanda isə bu daha çox yerli turizm səviyyəsindədir. Tur agentliklərə bununla bağlı çox sorğu gəlmir. Daxili turistlər isə daha çox özləri Mingəçevir Su Anbarına gedərək balıq tuturlar. Bulvarda bəzi estakadalar var. Orada həvəskar balıqçılar üçün şərait var".
Bu ərazilərdə balıq tutmaq olar
Büro rəsmisi deyir ki, bu gün balıqçılıq turizmini ayrıca tur paket kimi olmasa da, digər tur paketlərə əlavə edərək müxtəlif yerlərdə təklif etmək olar. Onun sözlərinə görə, istirahətin bir hissəsi kimi bunu tur paketə salmaq da mümkündür: "Balıqçılıq əlavə fəaliyyət növü kimi təqdim edilə bilər.
Mingəçevirdə hotel və balıq evləri fəaliyyət göstərir. Orada istəyən turist balığı özü tutub bişirmək üçün verə bilər. Belə fəaliyyətlər Qəbələdə Nohur Göl, Ördək göl ətrafında çoxdur. Lənkəranda da belə xidmətlər var. Bir çox belə kurort yerləri var ki, turistlər o ərazidə balıq tutmaq fəaliyyətini həvəskar şəkildə həyata keçirə bilərlər".
Ş.Həsənovanın sözlərinə görə, balıqçılıq turizmi ölkəmizdə peşəkar turistləri cəlb etmək üçün çox yeni destinasiyadır: "Bununla bağlı müəyyən qanunvericilik bazası lazımdır. Yəqin ki, gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi birgə fəaliyyət həyata keçirə bilər. Hazırda Azərbaycanda bu, sırf həvəskar fəaliyyət növüdür. Bu, yerli turizmdə əlçatandır. Amma xarici turistlər üçün bu turizm növünü inkişaf etdirmək məqsədilə işlər görülməlidir".
Hər adam gündə 5 kiloqram balıq tuta bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə balıq tutmaq üçün müəyyən yerlər müəyyənləşib. Həmin yerlərdə balıq ovu mümkündür.
Hər il balıq tutmaq üçün sənaye ovu kvotası müəyyən edilir. Bununla məşğul olanlar sənaye üçün müəyyən cihaz almalı, həmçinin balıq ovlama bileti olmalıdır. Amma həvəskar balıqçılar tilovla gündə hərəsi 5 kiloqram balıq tuta bilər.
Qeyd edək ki, Nazirlər Kabineti "Balıq və digər su bioresursları ovunun Qaydaları"nı təsdiq edib. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti, dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri çalıq və digər su bioresurslarının ovu üçün istifadə edilən balıqçılıq su obyektləridir.
Balıq və digər su bioresurslarının ovu sənaye, idman və həvəskar, akvakultura, elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət, iqlimləşdirilmə məqsədilə həyata keçirilir. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir.
Xəzər dənizində, Kür çayında geniş imkanlar var
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, Azərbaycanda balıqçılıq turizminin inkişafı üçün təbii imkanlar var, ancaq infrastruktur aşağı səviyyədədir: "Balıqçılıq turizminə maraq göstərənlər həm daxildə, həm də xaricdə həmişə çox olub.
Amma bunu həyata keçirmək üçün infrastrukturunu hazırlamaq lazımdır. Azərbaycanda Xəzər dənizində, Kür çayında və digər məkanlarda balıqçılığı inkişaf etdirmək olar. Həmçinin xarici qonaqları da buraya dəvət etmək mümkündür. Bunun üçün şərait yaratmaq, təbliğ-təşviq etmək, xarici bazara çıxarmaq lazımdır".
Müzəffər Ağakərimov bildirir ki, Xəzər dənizində, Kür çayında, göllərdə şərait yaratmaq olar. Lənkəran bölgəsində, Mingəçevirdə, digər yerlərdə imkanlar var. Azərbaycan elə təbiətə, elə coğrafi mövqeyə malikdir ki, istədiyin turizm növünü inkişaf etdirmək mümkündür. Yetər ki, bunun üçün istək olsun".