İQTİSADİYYAT

Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edəcək - VİDEO

Qoyun əti ilə təminat 100%-dir, mal əti ilə 90%-dən yuxarıdır, quş əti ilə təminat isə 80% civarındadır.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Azad olunan torpaqların bərpası hesabına Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edə biləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "APA-Economics"ə Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, bu gün ölkənin özünü süd məhsulları ilə təmin etmə səviyyəsi 83-85%-dir, ətlə təmin etməsi isə ümumi olaraq 84% təşkil edir: "Amma burada belə bir məqam var – qoyun əti ilə təminat 100%-dir, mal əti ilə 90%-dən yuxarıdır, quş əti ilə təminat isə 80% civarındadır.
Bizim qiymətləndirmələr onu göstərir ki, azad olunan torpaqlarımızın, o cümlədən taxılçılığın bərpası hesabına orada heyvandarlığın da inkişafı təmin olunacaq. Yəni həmin ərazilərdə taxılçılıq sayəsində heyvandarlığın yem bazası təmin ediləcək".
"Ondan sonra, bizim hesablamalara görə, ət və südlə təminatımız təqribən 98-99%, yəni demək olar ki, tam özünü təmin etməyə imkan verəcək", - deyə F. Fikrətzadə qeyd edib.
Qeyd edək ki, yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə, kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
Həmçinin oxuyun:
Azərbaycanda ət də bahalaşdı - Yeni qiymətlər -VİDEO