BAKI, 14 yanvar — Sputnik. Əgər qaz sayğaclarının sıfırlanması bu il yanvarın 10-da olubsa, növbəti dəfə gələn il yanvarın 10-da olacaq. Bu təqvim günü dəyişmir və aradakı müddət 365 gündür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
R.Əliyev bildirib ki, sayğacların sıfırlanması ilə bağlı konkret tarix yoxdur: "Bir çox ölkələrdə ilin bağlanması üçün düstur var. Məsələn, 10 günlük qaz sərfiyyatına və əvvəlki illərə nisbətən işlədilən qaz sərfiyyatına, havanın temperaturuna uyğun müəyyyən həcm seçilir, sayğacların oxunuşu keçirilmədən həmin həcm avtomatik olaraq fazada abunəçinin qaz sərfiyyatına qeyd olunur".
O qeyd edib ki, həmin təcrübəni Azərbaycanda tətbiq etmək narazılıq yarada bilər: "Çünki həmin düsturun dəqiq tətbiqi üçün imkan yoxdur. Məsələn, ola bilər ki, ilin sonunda bizim abunəçilərin min nəfəri mənzildə olmasın. O zaman həmin düsturla qaz sərfiyyatının təyin edilməsi mümkün deyil. Narazılıq yaranar, vətəndaş deyə bilər ki, siz mən evdə olmayanda mənə artıq qaz sərfiyyatı yazmısız. Bu vaxt konflikt olacaq".
R.Əliyev bunun səbəbini sayğacın göstəricisinin başqa olacağı ilə izah edib: "Vətəndaşın əlindəki bildiriş başqa olacaq. Ona görə sayğacın oxunuşu başqa formada həyata keçirilir".
O deyir ki, 2,4 milyon abunəçinin sayğacını bir günə oxumaq çətin məsələdir: "Burada söhbət təkcə oxunuşdan getmir. Oxunuş həyata keçirildikdən sonra, onun proqram vasitəsilə 3-4 gün araşdırılması gedir. Çünki ola bilər ki, hansısa yerli satış üzrə çilingərimiz hansısa abunəçiyə həcmi düz yazmaz".
Ruslan Əliyev həmçinin bildirib ki, yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.
Onun sözlərinə görə, "Azəriqaz" hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min bu tipli sayğacın alınması nəzərdə tutulub.
"Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq", - R. Əliyev qeyd edib.
Qeyd edək ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına başlayıb. Məhz bunlar artıq smart-tipli sayğaclar sayılır.