AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qarlı havada yollarda son vəziyyət - Reportaj - VİDEO

Sputnik Azərbaycan Bakıda və respublikanın yollarında vəziyyəti araşdırıb.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Dünən axşamdan başlayaraq Bakıya və bölgələrə qar yağır. Hidrometeoroloqlar yollarda buzlaşma olacağı ilə bağlı proqnoz veriblər. Sputnik Azərbaycan Bakıda və respublikanın yollarında vəziyyəti araşdırıb. Apardığımız müşahidələr zamanı paytaxtda müxtəlif ünvanlarda qar kürüyən, duz səpən texnikaların dayandığının şahidi olduq.
Mətbuat prospektində də yollarda yaranacaq buzlaşmanın qarşısını almaq üçün texnikalar dayanmışdı. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Sputnik Azərbaycan-a bildiriblər ki, axşam saatlarından Yasamal rayonu, Mətbuat prospekti ərazisinə 20 texnika cəlb olunub.
Burada içərisi qumla dolu bir neçə yük maşını, qarkürüyən, duzsəpən texnikalar cəmləşmişdi. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Sputnik Azərbaycan-a bildiriblər ki, onlar gecə saat 4 radələrindən ərazidə növbə çəkirlər. Yağan qarın yollarda hərəkəti çətinləşdirməməsi üçün içərisi duzla dolu yük maşınları əraziyə gətirilib. Eyni zamanda duz səpən texnikalar da ərazidə növbə çəkir.

Qarkürüyən, duzsəpən texnikalar Bakı yollarında

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda paytaxtda müxtəlif ərazilərə 50 texnika çıxardılıb. 5 min ton duz ehtiyatı var: "Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan və xüsusən qış aylarında istifadəsi nəzərdə tutulan texnikalar artıq hazır vəziyyətə gətirilib.
Qarlı yollarda avtomobillərin normal hərəkətini təmin etmək məqsədilə duz ehtiyatı da toplanıb. Bu il idarə tərəfindən yollara 5 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır. Qış aylarında fors-major vəziyyətlərə anında müdaxilə üçün xüsusi qərargah da yaradılıb və idarə əməkdaşları ərazilərə təhkim edilib".

400-ə yaxın texnika çıxardılıb

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA)Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağan qarla əlaqədar hazırda respublika üzrə 1400 texnika hazır vəziyyətdədir: "Bakının mərkəzi küçələrində yollarda vəziyyətə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir. Bakıda AAYDA tərəfindən şəhər ətrafı yollar və əsas prospektlərdə yağan qarın nəqliyyatın hərəkətini çətinləşdirməməsi üçün 400 ə yaxın texnika və texniki duz ehtiyatı toplanıb. Hazırda paytaxt yollarında yağan qar heç bir fəsad yaratmadığından əsas güc qarın daha çox yağdığı bölgələrə verilir.

Respublika yollarında hazırda vəziyyət

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında hazırda vəziyyət belədir:
"ZƏFƏR" yolu Yolun Xocavənd (Tuğ kəndi)
Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.
Toğanalı-Kəlbəcər-İstisu
Yolun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20o təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi
Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5o şaxta var.
Bakıda qışa hazırlıq tədbirləri
Xınalıq yolunda zəif qar yağır, 10-11o şaxta var.
Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunub.
Giləzi - Xızı
Xızı rayonu ərazisində zəif qar yağır, 4-5o şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan
Yolun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5o şaxta var. Yolda hərəkət təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı
Güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2o şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı - Ağsu - Yevlax
Yolun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2o şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı - İsmayıllı
Güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3o təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki
Yolun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3o təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq)
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy
Səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən - Xoşbulaq
Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi
Marşrut boyu yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakıda qışa hazırlıq tədbirləri
Masallı – Yardımlı
Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik
Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6o şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Ələt - Hacıqabul
Yolun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Ucar - Yevlax
Yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi
Yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz
Yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ağsu aşırımı açıqdır

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən gecədən başlayaraq yağan qar respublika əhəmiyyətli yollarda problem yaratmayıb.
Onun sözlərinə görə, İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur:
"İsmayıllı-Muğanlı və Pirqulu yolu, Ağsu aşırımı nəqliyyatın hərəkəti üçün açıqdır. Hazırda yolun hansı hissəsində buzlaşma müşahidə olunursa, AAYDA əməkdaşları tərəfindən qum-duz səpilir. Yol polisi əməkdaşları yollarda hərəkətə nəzarət edirlər. Hazırda yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar".
Bakıda qışa hazırlıq tədbirləri

Xəbərdarlıq!

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti barədə sürücülərə müraciət edib.
İdarənin müraciətində qeyd olunur ki, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq, dağətəyi ərazilərdə sulu qar, qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi tövsiyə edib.
BDYPİ küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları, şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər, kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir.

Agentlik gücləndirilmiş iş rejiminə keçib

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitinə görə gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, dağlıq dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı, şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz hərəkətinin təmin olunması qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.
Bakıda qışa hazırlıq tədbirləri

Qarlı hava 16-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında qeyd edib ki, Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. O bildirib ki, qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
U.Tağıyevanın sözlərinə görə, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır:
"Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
Qeyd edək ki, axşamdan başlayaraq ölkə ərazində havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir.