BAKI, 14 yanvar — Sputnik. Ötən gecədən başlayaraq Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayondaxili yollarda nəqliyyatın hərəkətində bir müddət məhdudiyyət yaradıb.
Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətini iflic edib.
Qar səbəbindən 50-dən çox avtomobil yollarda qalıb, sərnişinlər xeyli yolu piyada getməli olublar.
Yollardakı qar və buzlaşma ilə əlaqədar təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb.
Səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub.
Hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti qismən bərpa olunub. Bu gecə yolun buz bağlayacağı gözlənilir. Ona görə də qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.
Qeyd edək ki, İsmayıllı və Şamaxı rayonlarına 15-20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25-30 santimetr hündürlüyündə qar yağıb. Bölgədə qar yağışı davam edir.