İQTİSADİYYAT

Azərbaycanda ət də bahalaşdı - Yeni qiymətlər -VİDEO

Dana əti ilə bərabər quzu ətinin də topdansatış qiyməti artıb.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə, kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
Sputnik Azərbaycan sfera.az saytına istinadla xəbər verir ki, dana və quzu ətinin bahalaşmasını ət satışı ilə məşğul olan şəxslər də təsdiqləyirlər. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, son günlər iribuynuzlu diri heyvan tapmaq çətinləşib. Dünəndən isə bazarlarda lazımi qədər diri heyvan olsa da, topdansatış qiyməti 11,5 manata qaldırılıb:
"Əvvəllər dana ətinin topdansatış qiyməti 9,5-10 manat idi. Mən əvvəl aldığım heyvanın ətini dünən 11,5 manata satmışam. Amma artıq topdansatış qiyməti 11,5 manata yüksəlib. Topdansatış qiymətlərinin artması bizi məcbur edir ki, pərakəndə qiymətləri də ən azı 2 manat artıraq".
O dana əti ilə bərabər quzu ətinin də topdansatış qiymətinin artdığını və bu səbəbdən pərakəndə satış qiymətinin 15 manatdan aşağı olmayacağını dedi.
Satıcı bəzi yerlərdə mal ətinin əvvəlki qiymətə satılmasının mümkün olduğunu da bildirdi.