İQTİSADİYYAT

Azərbaycanda bu il ortaillik inflyasiya necə olacaq

Ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya 11,1% təşkil edib
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Bu il Azərbaycanda ortaillik inflyasiya 3,8%-dək yavaşlayacaq. Sputnik Azərbaycan-ın "APA"ya istinadən xəbərinə görə, bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.
Qeyd edək ki, son məlumatlara görə, ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya 11,1% təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) gözləntilərinə görə, 2021-ci ildə dekabr ayı üzrə illik inflyasiya 11,4-11,9%-ə, ortaillik inflyasiya isə 6,3-6,6%-ə bərabər olacaq.
Xatırladaq ki, inflyasiyanın sürətlənməsi fonunda, ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8%-dən 8,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb.