NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qara qızılın qiyməti dəyişib

Dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 86,88 dollar idi.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,57 ABŞ dolları və ya 1,81% artıb 88,45 dollar təşkil edib.
Qeyd edək ki, dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 86,88 dollar idi.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, "OPEC plus" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.