Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin elmi işcisi Firdovsi Əliyevin sözlərinə görə, 1936-cı ildə ölkəyə gətirilən bu ağaclardan Mərdəkan, Zaqatala, Lənkaran, eləcə də Göyçay rayonunda əkilib. İki il sonra ölkə ərazisində qeydə alınan güclü şaxta digər konfet ağaclarının quruması ilə nəticələnsə də, Göyçayda olan ağaclar bu təbiət hadisəsindən sağ qalmağı bacarıblar. Firdovsi Əliyev deyir ki, vətəni Cənub Şərqi Asiya olan konfet ağacları daha çox Yaponiya, Çin, Hindistan və Almaniyada becərilir. 20-30 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri var. Qeyri-adi dadı və formasına görə o, heç bir meyvəyə oxşamır.
Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Çiçəyi nektarla zəngin olan, qəribə görkəminə görə seçilən meyvə maral buynuzuna bənzəyir. Meyvənin tərkibində 30-35 faiz şəkərin olması ona dünyada ən şirin bitki adını qazandırıb. O, qurudularaq müxtəlif tort və şirniyyatlarda bəzək kimi istifadə olunur. Ölkəmiz üçün nadir sayılan konfet ağaclarının mühafizəsi, qorunaraq gələcək nəsillərə çatdırılması, sayının artılması üçün müvafiq işlərin görülməsi vacib hesab edilir.