AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda partiya sədri həbs olundu

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bağlı xüsusi ittiham qaydasında olan şikayət üzrə məhkəmə prosesi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən Əli Əliyev 5 ay müddətinə həbs edilib.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.
Onların şikayətləri ayrı icraatda araşdırılıb. DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.
Dövlət Sərhəd Xidmətinin istismarında olmuş "20 -136" bort nömrəli helikopter 2021-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində istehsal olunub və bağlanan müqavilə əsasında DSX-nın istismarına verilib.
Bu helikopterlərin ümumi istismar müddəti 35 il - 7 min uçuş saatıdır. İstehsalçı şirkətin təlimatları və normativ sənədlərinə əsasən o, istehsal olunduqdan sonra 8 il müddətində, 2 min saat uçuş həyata keçirildikdən sonra birinci mərhələdə təmir və sazlama işlərinin həyata keçirilməsi labüddür.
Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov mətbuata açıqlamasında bildirib ki, qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib.
E.Məmmədov həmçinin qeyd edib ki, qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi nəticəsində onun sol qapısı və alın şüşəsi yerindən çıxıb. Nəticədə helikopterdəki 4 nəfər çölə atılıb, ikisi hadisə yerində həlak olub, digərləri xəsarətlər alıb. Cinayət işi üzrə istintaq davam edir.