DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Allahşükür Paşazadə Roma Papası ilə görüşüb

Görüşdə Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete iştirak edib.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda səfərdədir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, şeyxülislam Allahşükür Paşazadə ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin təkbətək görüşü olub.
Allahşükür Paşazadə ilə Papa Fransiskin təkbətək görüşü olub
Sonra Papa Fransisk Azərbaycanın dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete iştirak ediblər.
Qeyd edək ki, görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə, məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulub.
Səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcək.