BAKI, 12 yanvar — Sputnik. Rusiya ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair danışıqları güc mövqeyindən aparmır. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Yox, siz düz başa düşmürsünüz, biz güc mövqeyindən danışmırıq. Prezident bildirdi ki, bu məsələdə ultimatumlara yer yoxdur, ola da bilməz. Sadəcə olaraq, bütün Avropanın təhlükəsizliyi və bu qitənin, eləcə də onun təhlükəsizliyinin inşasının bir hissəsi olan bizim ölkəmizin milli təhlükəsizliyi ilə bağlı vəziyyət elə kritik həddə çatıb ki, bundan artıq tərəddüd etmək mümkün deyil, bizə qarşı səslənən narahatlıqlara xüsusi cavab verməliyik", – deyə Peskov jurnalistlərin bu mövzuda sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva ilə Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib.
Vyanada isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı platformasında məsləhətləşmələr keçiriləcək.