BAKI, 12 yanvar — Sputnik. Dünyanın bir çox ölkələrində yayılan omikron (SARS-CoV-2 21K ) ştammının Azərbaycanda ölkə xaricindən gələn şəxslərdə aşkarlanması koronavirusun bu ştammının testlərdə müəyyən edilməsinə şübhələr yaradıb.
Ölkəmizə gələn şəxslərin öz ölkələrində koronavirusa görə test verdikdən sonra uçuş bileti əldə etdiklərini nəzərə alsaq, omikron ştammını testlər vasitəsilə aşkarlamağın çətinliyi ilə bağlı yayılan məlumatlara inam artır.
Bəs görəsən, koronavirusun aşkarlanmasında istifadə edilən PZR testləri omikron ştammına yoluxmuş şəxslərdə ştammı qeyri-dəqiq çıxarda bilirmi?
Testlər omikronu neqativ göstərə bilər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, bu, mümkündür: "Xəstəliyin inkubasiya dövründə testlər neqativ göstərə bilir. Daha sonra simptomlar üzə çıxdıqda artıq test pozitivləşir. Bundan başqa, testlərin nəticəsi götürülmə texnikasından və vaxtından ciddi şəkildə asılı olduğu üçün fərqli nəticələr ola bilər".
Əlavə analizə ehtiyac var
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da bildirib ki, koronavirusun bütün ştammları test zamanı müsbət nəticə verir: "Koronavirusun bütün ştammları COVID-19 PZR testində müsbət göstərir. Bu, omikron ştammına da aiddir. Sadəcə PZR test bunun koronavirusun hansı ştamm olmasını təyin edə bilmir. Artıq ştammın növünü təyin etmək üçün əlavə laborator analizə ehtiyac olur".
Vaksin bütün ştammlara qarşı effektivdir
N.Mustafayeva bildirir ki, pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusun bütün ştammlarından qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır.
Digər sanitar-gigiyenik qaydalar isə eynidir. Onun sözlərinə görə, peyvəndlər bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır: "Ona görə də vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra "buster" doza vurdurmalıdırlar.
Çünki vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır.
Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir. Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdırlar. COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini təcrid etməlidirlər. Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, omikron ştammından da qısa müddətdə xilas ola bilərik".
Ştammları yalnız gen ardıcıllığı adı verilən analiz müəyyən edə bilir?
Qeyd edək ki, koronavirusa yoluxma PZR testi üçün götürülən yaxma nümunələrinin öyrənilməsi vasitəsilə təsbit edilir. İnfeksionistlərin fikrinə görə, bəzi laboratoriyalarda infeksiyanın "delta", "omikron" və ya hansısa başqa ştammdan qaynaqlandığını müəyyən etmək olur. Ancaq bütün laboratoriyalarda bu texnologiya yoxdur. Ştammları yalnız gen ardıcıllığı adı verilən analiz müəyyən edə bilir. Omikronun aşkar edilməsinə daha çox vaxt tələb olunduğu üçün yoluxmaların sayı bilinən statistikadan daha çox ola bilər.
Vaksin olunanlar da bu ştamma yoluxurlar
Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge omikron ştammından ölüm hallarının yüksək olmadığını açıqlayıb. O bildirib ki, omikron insan hüceyrələrinə daha asan yapışan mutasiyadır: "Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də omikrona yoluxa bilərlər. Ancaq bir daha qeyd edim ki, hazırda təsdiqlənmiş peyvəndlər omikron da daxil olmaqla ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunma təmin edir".
Sürətlə yayılır, amma ölüm riski aşağıdır
ÜST rəsmisi vurğulayıb ki, bu ştamm çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil. O bildirib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştamm belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu omikrona yoluxacaq.
Omikron ştammının əlamətləri
Əlavə edək ki, koronavirusun omikron ştammının əlamətləri xəstələrin 75 faizində adi soyuqdəymə ilə eynidir. London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair "ZOE Covid Study" mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs bildirib ki, boğaz ağrısı, başağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir: "COVID-19-a yeni yoluxma hallarının 75 faizində əlamətlərin soyuqdəymə ilə bənzərliyi, klassik əlamətlərə isə az təsadüf edilməsi o deməkdir ki, hökumətin tövsiyələri təcili yenilənməlidir".
Azərbaycanda 12 nəfərdə omikron aşkarlanıb
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K omikron variantı aşkarlanıb.
Məlumat üçün onu da bildirək ki, hazırda Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un omikron ştammı qeydə alınıb.
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.