SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının səfirini qəbul edib

Ceyhun Bayramov Səudiyyə Ərəbistanından olan həmkarını ölkəmizdə görməkdən məmnunluq duyacağını qeyd edib.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib.
Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.
Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, yanvarın 8-də Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Xızı və Abşeron rayonlarında 240 MVt-lıq Külək Enerjisi Layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin müzakirəsi başlayıb. 4 gün davam edən müzakirələrin ilk günü Xızı rayonunun Sitalçay kəndində baş tutub.
Xızıda 25, Pirəkeşküldə 12 ədəd külək turbinləri yerləşdiriləcək. Külək enerjisi parkının 18 aya istismara təhvil verilməsi, bu parkdan ilk elektrik enerjisinin 2023-cü ilin sonunda alınması planlaşdırılır. 2024-cü ilin ortalarında isə layihə tamamlanacaq.