BAKI, 11 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarını qeyri-qanuni şəkildə zəbt edən şəxslərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan yerlər bəzən qeyri-qanuni şəkildə zəbt edilir.
Avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır
Onun sözlərinə görə, avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır: "Bu, şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur. Küçələrdə piyadaların, eləcə də sürücülərin hərəkətinin məhdudlaşdırmağa yönələn addımlar, yəni şlaqbaumların qurulması, süni maneələrin yaradılması, yaxud sədlərin qurulması yolverilməzdir".
Süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır
O bildirib ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması, yaxud nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin, piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır: "Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər".
Kiminsə yolunu kəsmək qanunla qadağandır
"Paytaxtın küçələrində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır, həmçinin inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ eləmək cəmiyyət olaraq bizə üstünlük gətirər! Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik", - deyə DYP rəsmisi bildirib.
Qeyd edək ki, bu məsələ "Yol hərəkəti haqqında" qanunla tənzimlənir.