BAKI, 11 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu"nu təsdiq edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərar Türkiyənin "Rəsmi Gazete"ində dərc olunub.
Razılaşmaya əsasən, Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb. Azərbaycandan illik olaraq idxal edilən 1,7 milyard kubmetr təbii qaz "SOCAR Turkey Enerji A.Ş" ehtiyacları üçün təmin ediləcək.
Xatırladaq ki, memorandum ötən ilin dekabrın 22-də Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.
Cari ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri AÇG-dən, 20,4 milyard kubmetri "Şahdəniz"dən, 7,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 16,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 faiz çoxdur.
Cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kubmetr, Avropaya təqribən 7,3 milyard kubmetr, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 92 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetrdən çox qaz nəql olunub.