TƏHSİL

Şagirdləri döyən direktor şiddətli töhmət aldı

Direktora əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı araşdırmanın nəticələrinə əsasən, direktor Zinyət Əhmədovaya "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-dən məlumat verilib.
Yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və BŞTİ nümayəndələri də məktəbdə olub, direktor tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb.
Direktorun izahatı alınıb
Qeyd edək ki, direktor Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi müvafiq təhqiqat araşdırmaları aparıb:
"Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütəmadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həmin gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi onları intizama dəvət edib. Yaranan mübahisədə xəsarət, yaxud digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib".
Xatırladaq ki, direktor Zinyət Əhmədovanın foyedə şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.

Bakı məktəblərində psixoloq ştatı artırılacaq

Məlumat üçün bildirək ki, ötən il BŞTİ-nin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq. Çünki bu sahədə boşluqlar var.
Nazirlər Kabinetinin qərarına əsasən, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:
şagird sayı 1000-dək olduqda, 1 vahid;
şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid;
şagird sayı 3000-dən çox olduqda, 3 vahid.
Özəl ümumi təhsil müəssisəsində bu say həmin müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.