BAKI, 11 yanvar — Sputnik. İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.
O bildirib ki, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmini gündəlik 40 milyon kubmetrə çatdıra bilər.
Yaxın günlərdə Türkmənistan Prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir.
Aşqabadda qaz mübadiləsinə dair müqavilə imzalanıb
Qeyd edək ki, 2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.
Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
İranın neft naziri bildirmişdi ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.
Həmçinin oxuyun:
Aşqabad müqaviləsi işə düşüb: Türkmənistan qazı İran üzərindən Azərbaycana gətirilir