BAKI, 11 yanvar — Sputnik. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi də daxil edilib.
Bu fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.
Qarabağda minaların təmizlənməsi üçün malların idxalı da vergidən azad edilib
Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər gömrük rüsumu və vergidən azad edilir.
Qeyd edək ki, bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, minatəmizləmə əməliyyatlarının vaxtı – vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir.
Onun sözlərinə görə, ötən il 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub: "Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik. Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb".
Sədr bildirib ki, ötən il imzalanan müqavilələrə əsasən bu il də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır: "Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçən itlərin sayında əlavələr oldu. Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir".