AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların SİYAHIsı açıqlandı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb.
Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək hər zaman çətin olub və 2021-ci ildə də bu şəkildə davam edib. Bildirilir ki, 2021-ci ildə "Forbes" "Columbia Journalism Review", "Institute for the Study of Human Rights", "New Lines Institute for Strategy and Policy", "Responsible Statecraft" kimi təşkilatlar Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirərək ekspertlərin Azərbaycana dair əsassız ittihamlara dair cavab yazılarını dərc etməkdən imtina ediblər.
"Bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir. Belə ki, Azərbaycanın mövqeyinə dözümsüzlük nümayiş etdirən qurumlar bir tərəfdən demokratik dəyərlərin müdafiəçisi olduqlarını iddia edir, digər tərəfdən isə regionla bağlı əsassız iddiaların, düzgün olmayan ifadələrin və təhrifli fikirlərin səsləndirilməsini təşviq edirlər.
30 ilə yaxın müddət ərzində bəzi Qərb şərhçiləri "balanslı yanaşma" oyunu oynamaqla işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan təcavüzkarla, bir milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşən, etnik təmizləməyə məruz qalan ölkəyə eyni səviyyədə yanaşırlar", - hesabatda bildirilib.
Hesabatda bu qərəzli yanaşmanın Qərb ölkələrində liberal dairələrin ermənilərə rəğbəti və gizli xristian həmrəyliyi səbəbindən baş verə biləcəyi qeyd olunub.
Yazıda nəşr edilməsindən imtina edilən cavab məktublarından nümunələr də yer alıb.
Daha ətraflı: https://aircenter.az/uploads/files/suppressing.pdf