BAKI, 11 yanvar — Sputnik, Xalid Məmmədov. Döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.
Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.
Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.
Xatırladaq ki, yeni tədris ilində komandoların da təlim-məşqləri keçirilib.
Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib.
Plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib.
Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub.
Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.