BAKI, 10 yanvar — Sputnik. Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları başa çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb ki, bu barədə missiyanın mətbuat katibi Cozef Kruziç məlumat verib.
"Danışıqlar on dəqiqə əvvəl başa çatıb", - deyə o bildirib.
Görüş ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Bakı vaxtı ilə təxminən saat 12:00- da başlayıb və bağlı qapılar arxasında təxminən 7,5 saat davam edib. Tərəflər danışıqlara yalnız qısa nahar fasiləsində ara veriblər.
Qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.
Ötən gecə Rusiya və ABŞ nümayəndə heyətləri arasında şam yeməyi formatında ilk görüş baş tutub. Təhlükəsizlik zəmanətləri ilə bağlı bu "ilkin" danışıqların nəticələrinə əsasən, Ryabkov söhbətin çətin, ancaq işgüzar xarakter daşıdığını qeyd edib.