AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda seçki olacaq? Vahid seçici siyahısı tərtib edilir

Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.
Sputnik Azərbaycan xəbər verir ki, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçici siyahısının tərtib olunması prosesinə başlanmalıdır.
Vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq.
Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək.
Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.
Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.